"Övladlığa götürüləcək uşaqların vahid sistemdə uçotu aparılacaq".
Metbuat.az bildirir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev mediaya açıqlamasında bildirib:
"Övladlığa götürülməklə bağlı hazırda 3 mərkəzi icra hakimiyyəti orqanı bilavasitə iştirak edir. 0-3 yaşında olan uşaqlarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 3 yaşdan böyük uşaqlar üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi, vətəndaşlığı olmayan, əcnəbilərə uşaqların verilməsiylə bağlı Ailə, qadın və uşaq komitəsi məşğul olur. Fərmanla bağlı hazırda nazirlikdə xüsusi bir "Alt sistem" yaradılacaq. Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində yaradılacaq "Alt sistem" qeyd etdiyim orqanlar üzrə vahid uçot aparacaq. Övladlığa götürmək istəyən insanların həmin uşaqlarla bağlı bir sıra dövlət qurumunda olan məlumatlar artıq kağız üzərində deyil, həmin qurumlarda olan informasiya sistemlərinə inteqrasiya olunmaqla real vaxt rejimində həll ediləcək. Övladlığı əldə etmək istəyən şəxs əvvəllər 10 addım atırdısa, o addımların sayını azaltmağa çalışacağıq. Bu məsələylə bağlı Ailə Məcəlləsinə dəyişikliklər paketi, eyni zamanda, bu qərarı tənzimləyəcək Nazirlər Kabinetinin qərarını təşviqləyəcək qərar layihəsi hazırlanır. Vahid bir qərar sisteminin olması planlaşdırılır. Həmin qaydalarda övladlığa götürmə və valideynlik himayəsindən məhrum olmaqla bağlı bütün məsələlər öz əksini tapacaq. "Alt sistem" in fəaliyyəti 1 iyundan nəzərdə tutulur".
Xəyalə Məmmədova / Metbuat.az