Vəkillər Kollegiyasınən üzvü, vəkil Xəyal Bəşirov son zamanlar ölkəmizdə vəkillik institutunun ünvanına söylənən iddialara cavab verib.
Bildirib ki, bu, çox absurd, əsassız və qərəzli yanaşmadır:
“Ölkəmizdə vaxtı ilə məhkəmələrdə nümayəndəlik institutunun məhdudlaşdırılması (bəziləri tam əsassız olaraq bunu cəmiyyətə nümayəndəliyin ləğvi kimi təlqin etməyə çalışırdı) ilə bağlı qanunvericiliyə dəyişikliyin gözlənildiyi ərəfədə bir çoxları insanlarımızın müdafiəsiz, hüquqi yardımsız qalacağı ilə bağlı haray-həşir salmışıdılar. Hətta buna qarşı uğursuz mitinq cəhdləri də oldu. Bu gün bu dəyişiklikdən bir ildən artıq vaxt keçir və müəyyən oldu ki, tam əsassız və uydurma fikirlər idi. Hazırda da həmin xəttin davamçıları AR Vəkillər Kollegiyasını tam əsassız olaraq özünün üzvləri olan vəkilləri bir-bir zərərsizləşdirməkdə, rüşvətxorluqda, ayrı-ayrı şəxslərə hüquqi yardım göstərilməsinə mane olmaqda ittiham edirlər. Bu gün belə bir statusa rast gəldim ki, "Vəkillər Kollegiyasının yeni rəhbərliyinin fəaliyyəti belə davam etsə ölkəmiz vəkilsiz qalacaq". Çox absurd, əsassız və tam qərəzli yanaşmadır! Yeni rəhbərliyin seçildiyi son bir ildə vəkillərimizin sayı təxminən iki dəfəyədək artırılaraq 1500 nəfəri keçib. Bu rəqəmə adekvat olaraq regionlarımızda da vəkillərin sayı xeyli artıb və bu proses bu gün də intensiv şəkildə davam etməkdədir!
Azərbaycan vəkilliyi son bir ildə həm forma, həm də məzmun baxımından inanılmaz şəkildə dəyişilib. Yeni, müasir standartlara cavab verən bina, yaradılmış onlarla (xüsusilə də gənc vəkillərdən ibarət) tam şəraitli yeni qurumlar, köhnə qurumların əsaslı şəkildə təmir olunması, regionlarda ondan artıq yeni qurumun yaradılması, bu müddət ərzində üzvlərinin sayının iki dəfəyə qədər artırılması, ölkəmizdə hazırda heç bir sahədə olmayan üzvlüyə qəbul prosesinin daimi əsaslarla aparılması, iyirmi yaşı olan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna çoxsaylı müsbət dəyişikliklərlə yanaşı vəkilliyə qəbul zamanı gənc hüquqşünaslara yeni imkanların yaradılması məqsədi ilə üç illik təcrübə tələbinin azaldılması ilə bağlı təklifin irəli sürülməsi, ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin təşkili ilə yanaşı, həm də bir çox beynəlxalq mötəbər tədbirlərdə iştirak, ən ucqar kənddə oturan bir vətəndaş üçün də çatımlı olması üçün bütün standartlara cavab verən yeni sayt, həmin saytda bütün ölkə üzrə vəkillərin reyestri, qaynar xətt, hər bir vəkil üçün elektron kabinet, demək olar ki, hər həftə hansısa bir regionumuzda yaşayan aztəminatlı vətəndaşlara pulsuz hüquqi yardımların göstərilməsi üçün səfərlərin təşkil olunması, hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan gənc və müstəqil dövlətimizin bu sahədəki uğurlarında özünəməxsus mühüm töhfəni verməyə hesablanmış bu kimi çoxsaylı digər yenilikləri görməmək sadəcə qərəz, mənəvi kasıblıq və acizlikdən başqa bir şey deyildir. Çox qısa zamanda bu qədər uğurun fonunda beş, on qanunu pozan, özlərini müstəsna hesab edərək qanunlardan üstün sayan vəkilin fəaliyyətinin dayandırılmasını vəkilliklə mübarizə saymaq hansı məntiqə və hansı düşüncəyə əsaslanır? Cənablar, islahat, yenilik və inkişaf başqa formada necə olur?!
Bir çox qanundan xəbəri olmayanlar (bəzən də xəbəri olub dezinformasiya yayanlar) VK Rəyasət Heyəti hansısa vəkili kollegiyadan çıxartdı kimi absurd və çaşdırıcı fikirlər yayırlar. Bu fikir tam əsassızdır! Rəyasət Heyətinin hər hansısa vəkili üzvlükdən çıxartmaq səlahiyyəti yoxdur, sadəcə onun fəaliytini dayandırmaq və xaric olunması üçün müvafiq məhkəməyə müraciət etmək hüququ var. Son qərarı AR Vəkillər Kollegiyası ilə bərabər şəkildə qarşı tərəfin də iştirak etdiyi məhkəmə verir, Rəyasət Heyəti deyil. Az öncə yuxarıda qeyd etdiyim uğurların təntənəsinin bariz nümunəsi kimi ölkə Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22 fevral 2018-ci il tarixli sərəncamını və xüsusilə də həmin sərəncamın mətnində Cənab Prezidentin "Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır" fikrini ifadə etməsini və hüquqi dövlət olan ölkəmizdə vəkilliyin rolundan bəhs etməsini qeyd etmək tam yerinə düşərdi. Azərbaycan vəkilliyinin adına bu uğurların yazılmasında VK Rəyasət Heyətinin sədri hörmətli Anar Bağırovdan başlayaraq ən sıravi üzvünə qədər, hər bir vicdanlı vəkilin özünəməxsus rolu vardır.
Hörmətli və dəyərli həmkarlar! Kollegiya rəhbərliyi bu cür iftiralara və əsassız ittihamlara özünün gərgin, yorulmaz, prinsipial fəaliyyəti və bu fəaliyyətə adekvat uğurları ilə ən doğru və ən layiqli şəkildə cavabını verməkdədir! Gəlin biz də təmsil etdiyimiz AR Vəkillər Kollegiyasının adına və imicinə xələl gətirməyə, ona hər vəchlə ləkə yaxmağa çalışan əsassız və qərəzli yanaşmalara səssiz qalmayaq, qanunlar çərçivəsində adekvat münasibət sərgiləyək!”.
Dünyadakı siyasi proseslər neftə təsir edəcək? - İqtisadçıdan ŞƏRH