Birlikdən “Report”a verilən məlumata görə, yığıncağı giriş sözü ilə açan Birliyin Baş direktorunun Əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” haqqında iştirakçılara məlumat verib. Bildirib ki, bu qaydaların əsas məqsədi tikinti niyyətinin həyata keçirilməsi ilə əlaqədar tikinti obyektinin sifarişçisi olan hüquqi və fiziki şəxslərin və aidiyyəti qurumların yerinə yetirməli olduqları ayrı-ayrı prosedurların xüsusiyyətlərini və müddətlərini təkmilləşdirmək və tikinti fəaliyyəti sahəsində daha əlverişli mühit yaratmaq, habelə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir.
Birliyin Risklərin idarə olunması şöbəsinin rəisi Mikayıl Cəbrayılov “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”na müvafiq hazırlanmış təqdimatı iştirakçıların diqqətinə çatdırdıqdan sonra yığıncaqda bu “Qayda”nın 3.7-ci bəndində göstərilən tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin verilməsinə dair tələblərin yerinə yetirilməsi məqsədilə “Azəriqaz” İB-də işçi komissiyanın yaradılması qərara alınıb.
M.Cəbrayılov Dünya Bankının “Doing Business 2019” hesabatında "Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyinin 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşması, əvvəlki illərlə müqayisədə ləğv edilimiş prosedurlar və buna müvafiq azaldılmış günlər və xərclər barədə məlumat verib. Eyni zamanda tədbirdə biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi “İcra və Kommunikasiya Plan”ının “Azəriqaz”a aidiyyəti olan bəndləri müzakirə edilərək bununla bağlı mütəmadi olaraq maarifləndirmə işlərinin aparılması qərara alınıb. Həmçinin qazlaşdırma istiqamətində lazım olan sənədlərin göstərilən vaxta yerinə yetirilməsi vacibliyi bir daha vurğulanıb.