Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9,75%-dən 9,25%-ə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

“Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması manatın stabilliyini qoruyacaq”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı İlham Əzizov bildirib.

Onun sözlərinə görə, uçot dərəcəsinin aşağı salınması manatla kreditləşməyə təkan olacaq. Manatla kreditləşmə artarsa, iqtisadiyyatın digər sahələri inkişaf edəcək:

“Keçən il Dövlət Neft Fondunun aktivləri 3 milyarda yaxın artdığı üçün bazarda valyutanın alış-verişi normallaşıb. Hazırda ilin əvəlləri olduğu üçün müqavilələrin bağlanması prosesi gedir. Xarici ölkələrə valyutanın ödənilməsi prosesinin ən çətin vaxtları sentyabr-oktyabr ayları olur. Bu baxımdan, hazırda vəziyyət yaxşıdır.

Uçot dərəcəsinin aşağı salınması həm də inflyasiyanın gözləntilərini yaxşılaşdırır. Zatən ölkə rəhbərliyinin qarşıya qoyduğu məqsəd il ərzində inflyasiyanın 2-3% dəyərində olmasıdır. Bu, normal inflyasiyadır, hətta inkişafa belə gətirə bilər.

Uçot dərəcəsinin aşağı salınması həm də bankların fəaliyyətini genişləndirir. Bankların yenidən nəfəs almasına, inkişaf etməsinə şərait yaradır”.

Xatırladaq ki, qurumun rəhbərliyi ötən il dekabrın 26-da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9,75%, faiz dəhlizinin yuxarı həddi 11,75%, aşağı həddi isə 7,75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılmışdı.

Xəyalə Məmmədova / METBUAT.AZ

Tanınmış aparıcıdan XƏBƏR VAR - İTV-də işə başladı – TIKLAYIN!