“Kommersant” nəşri Rusiyanın 2020-ci ildə Ermənistana 4
ədəd Su-30 SM təyyarəsi verəcəyini açıqladı. Nəşrə danışan Rusiya
aviasiya sənayesi müəssisələrindən birinin top-meneceri bildirib
ki, təyyarələr Ermənistana kreditlə veriləcək: “İndiki şərtlərdə bu
Rusiyanın Ermənistana “hədiyyəsidir”. Razılaşmaya görə, Rusiya
tərəfi erməni pilotlara təlimlər də keçəcək”.
Bu təyyarələr 4++ nəsil maşınlarına aiddir. İmkanlarına görə
beşinci nəsil (F-22, F-35, Su-57) təyyarələrinə yaxındır. Bu
təyyarələr Rusiyanın ən uğurlu istehsallarından hesab olunur.
Suriya əməliyyatında uğurla iştirak ediblər. Ermənistanda belə bir
təyyarə yoxdur. İşğalçı ölkənin aviasiyasına cəmi 15 ədəd Su-25
daxildir. Bununla yanaşı, Rusiyanın İrəvan yaxınlığındakı “Erebuni”
bazasında 18 ədəd AN-29 təyyarəsi var. Hazırda işğalçı ölkənin
aviasiyası çox köhnəlmiş hesab edilir. Görünür, Ermənistan
aviasiyasını Su-30SM təyyarələri ilə yeniləmək niyyətindədir.
Lakin Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Moskva-İrəvan
xəttində müşahidə olunan çatlar fonunda rusların bu təyyarələr
qarşılığında ermənilərdən nə istəyəcəyinə dair məsələsi ön plana
çıxır.
Publika.az xəbər verir ki, erməni şərhçi Aram
Amatuni Rusiyanın təyyarələrin əvəzində Ermənistandan bir neçə
məsələdə geri çəkilməsini istəyəcəyini yazır.
Onun fikrincə, bu məsələlərin biri Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatında (KTMT) baş katiblikdir: “Moskva İrəvandan
bu məsələdə israr etməməyi və geri çəkilməyi istəyə bilər. İkinci
məsələ, Ermənistanın təhlükəsizliyi sahəsinin Rusiyanın nəzarətində
qalmasıdır”.
Erməni şərhçi qeyd edir ki, Su-30SM təyyarəsinin verilməsi Dağlıq
Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətlə bağlı da ola
bilər.
“Bütün hallarda Rusiya bu təyyarələri nəsə almadan İrəvana
verməyəcək”, - deyə o bildirib.
Asif