Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının iclası keçirilib.
İclasda fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanına dəyişiklik edilib. Təklif olunan dəyişikliyə əsasən, fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Həmçinin xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulub.
Dəyişikliklə bağlı Metbuat.az-a açıqlama verən "İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, KİVDF Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə bildirib ki, şərtlərdə olan dəyişiklik həm qəzetlərin stimullaşdırılması, həm də rəqabət qabiliyyətlərinin güclənməsi baxımından lazımdır:
“KİVDF yarandığı gündən bu günə qədər şərtlərdə 4 dəfə dəyişiklik edib. Layihələr çərçivəsində maliyyə dəstəyi götərilirsə, eyni zamanda qəzetlər də satışını yüksəltməlidir. Ona görə, bu qərarın verilməsi KİV-in daha da stimullaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsinə, eyni zamanda elektron medianın sürətlə inkişafına təsir göstrəcək. Burada maliyyə dəstəyinin dayandırılmasından söhbət getmir. Əksinə, dəyişiklik qəzetlər arasında rəqabətin yaranmasına, tirajlarının, oxucu sayının artırılmasına səbəb olacaq. Düşünürəm ki, dəyişikliklərin aparılması labüddür. Həmçinin, dəyişikliyin mətbuata normal təsiri olacaq. Düşünürəm ki, əksər qəzetlər o şərtlərə uyğun fəaliyyətlərini davam etdiriəcəklər və gələcəkdə bu fəaliyyətlərini daha yaxşı formada formalaşdırıb, quracaqlar”.

KİVDF-nin Müşahidə Şurasının üzvü, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev edilən dəyişikliyə münasibət bildirib. Qeyd edib ki, KİVDF-nin qoyduğu kriteriyalar ilk baxışdan ağırlaşdırıcı görünsə də, ümumi baxımdan heç də ağırlaşdırıcı deyil:
“Bilirsiniz ki, müasir dünya rəqabət üzərində gedir. Faktiki olaraq bu gün elektron mediayla çap mediası arasında mübarizə davam edir. İstəsək də, istəməsək də, bu, müasir dünyanın tələbi və reallığıdır. Azərbaycanda da çap mediasıyla müasir media arasında mübarizə gedir. Aydındır ki, yazılı mətbuat operativlik baxımından müasir mediadan bir pillə geridə qalır. Amma peşəkarlıq baxımından ənənəvi media daha öndə gedir. Fondun verdiyi qərar gəldikdə, ciddi, gündəlik çıxan bir mətbu orqanının ətrafında 2 min oxucu yoxdursa, rəqabətə tab gətirə bilməz. Yox, ətrafında 2 min oxucu kütləsi varsa, həmin mətbu orqanı inkişaf edəcək.

Fond bu addımıyla ciddi, peşəkar və rəqabətə davamlı mətbuat orqanlarını inkişaf etdirmək niyətindədir. Fond heç bir mətbu orqanı bağlamır, heç bağlamaq fikri də yoxdur. Artıq 10 ildir fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə də yazılı mətbuata kifayət qədər yardımlar edib. Onun yaşaması, inkişaf etməsi, həmçinin orada çalışan jurnalistlər üçün kifayət qədər böyük layihələr həyata keçirib, bundan sonra da tendensiya davam edəcək. Sadəcə olaraq, reallıqlar var. Onlardan biri də kağızın qiymətinin qalxmasıdır. Bilirsiniz ki, Azərbaycana kağız kənardan idxal olunur. Bir tərəfdən kağızın qiyməti qalxıb, digər tərəfdən mətbuata qoyulan xərc özünü ödəmir, alıcılıq səngiyib, yazılı mətbuat sıxılıb. Amma fondun verdiyi qərarla rəqabətə tab gətirən qəzetlərin inkişafı ikiqat stimullaşdırılacaq. Əvvəl verilən maliyyə 2 dəfə çox olacaq. Bu da yazılı mətbuatın növbəti mərhələyə qədəm qoymasına işarədir. KİVDF-nin qoyduğu kriteriyalarda sərtlik yoxdur. Bunun üçün qəzetin 5 min tirajı və minimum 40% isə satışı olmalıdır. Bir qəzetin 40%-i satılmır, abunə kimi sevilərək alınmırsa, o qəzetin yaşaması sual altındadır. İstəsək də, istəməsək də, bu, müasir dünyanın qarşımıza qoyduğu reallıqdır”.
KİVDF-nin verdiyi qərar mediada hansı nəticələr doğura bilər?
Sulla bağlı Metbuat.az-a açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli KİVDF-nin verdiyi qərarla bağlı bir mediada yanlış xəbərlərin yayıldığını bildirib:

“Dünyada qəzetlərin ömrünü başa vurmasıyla bağlı fikirlər gəzir. Reallıqda isə vəziyyət başqadır. Dünyada artıq ənənəvi media qurumlarına, o cümlədən qəzetlərə inam yenidən bərpa olunur. Onların media bazarında yer tutması prosesi gedir. Ənənəvi media qurumları peşəkardırlar və onlar informasiyanı dürüst hazırlayırlar. Müqayisə üçün baxdığımız zaman dünyada sosial şəbəkələr üzərindən yayılan infomasiyaların 40%-dan 60%-a qədəri yalan olur. Ənənəvi mediada verilən xəbərlərdə isə bu problem olmur. Daha doğru xəbər almaq istəyənlər ənənəvi mediaya üz tuturlar, lakin ənənəvi media da əvvəlki variantda qala bilməz. İndi dünyada ənənəvi media qurumları – qəzet, televiziya və radiolar doğru informasiyalarını multitexnologiyadan istifadə etməklə yayırlar. Yəni, sosial şəbəkələr, mobil tədbiqlər və interet üzərində onlayn şəkildə yayırlar. Ona görə də qəzetlər multitexnologiyadan istifadə etməklə məlumatlarını yaymalıdırlar. KİVDF verdiyi şərtlər maliyyə almaq istəyən qəzetlərin texniki imkanlarında, imiclərində yeniliklər etməsiylə bağlıdır. Bu baxımdan hesab edirik ki, KİVDF-nin verdiyi qərar ənənəvi KİV qurumlarının dünya standartlarına uyğunlaşmasını tezləşdirəcək”.
Xəyalə Məmmədova / METBUAT.AZ
DİQQƏT! Güclü külək olacaq - Fevralın bu günlərində - TIKLAYIN!