"Kulis.az və Lent.az fəaliyyətini BƏRPA EDİR"

Xəbər verdiyimiz kimi, Azərbaycanda Online News Agency (ONA) adlanan yeni xəbər agentliyi fəaliyyətə başlayacaq.

Yeni yaranan agentliyin təsisçisi ötən il fəaliyyətini dayandırmış APA informasiya agentliyinin rəhbəri Vüsalə Mahirqızı, baş direktoru isə Nurşən Quliyev olacaq.

Mediada yayılan informasiya ilə bağlı Metbuat.az-a açıqlama verən Vüsalə Mahirqızı bildirib ki, agentliyin strukturuyla bağlı hazırda heç bir məlumat yoxdur:

“Əməkdaşların bəziləriylə söhbət edilsə də, tam olaraq kollektiv, sayt formalaşdırılmayıb, loqo yoxdur. Özümüz də formalaşma ərəfəsindəyik. Sadəcə, rəsmi olaraq belə bir qurum qeydiyyatdan keçirilib, hazırlıq işlərinə başlanılıb. Amma agentliyin fəaliyyətə başlayacağı tarix haqqında proqnoz yoxdur.

Ötən gün bəzi media qurumları, həmçinin sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayıldı. Bu səbəblə Real TV-yə açıqlama verdim. Xəbər agentliyi yaranıb, fəaliyyətə başlamasıyla bağlı niyət var, yəni gizli fəaliyyət deyil”.

Vüsalə Mahirqızı qeyd edib ki, kollektivə yeni işçilərin daxil edilməsini planlaşdırır:

“Təbii, fikirləşirik. Ümumiyyətlə, bizimlə keçmişdə çalışmış əməkdaşların da çoxuyla danışıb qurtarmamışıq, buna vaxt olmayıb. Ona görə də, bu barədə danışmaq tezdir”.

Sonda Vüsalə Mahirqızı Kulis.az və Lent.az-ın da fəaliyyətinin bərpa ediləcəyini təsdiqləyib.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Maliyyə saytlara ayrılarsa, daha effektli olar" - Mətbuat Şurası – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR