Vyanada Xocalı soyqırımı qurbanlarına həsr olunmuş sərgi açıldı

Fevralın 22-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Metbuat.az-ın Publika.az-a istinadən verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə məlumat verib. Qeyd edilib ki, 27 il bundan öncə baş vermiş soyqırıma hələ də beynəlxalq hüquqi qiymət verilməyib. L. Qasımova tədbirin ərsəyə gəlməsində göstərdiyi əməkdaşlığa görə Avstriya Azərbaycanlıları Cəmiyyətinə təşəkkür edib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov bildirib ki, münaqişədən əvvəl – 1987-ci ildə yeddi min əhalisi olan Xocalı şəhərində 1992-ci ilin fevral günlərində üç min dinc sakin var idi. 366-cı motoatıcı alayın dəstəyindən istifadə edən erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərə qarşı qətliam törətdilər, bu şəhəri yer üzündən sildilər. Xocalı faciəsində 613 nəfər qəddarcasına qətlə yetirildi, yüzlərlə sakin yaralandı, əsir götürüldü və ya itkin düşdü. Həmin gecə Xocalı sakinləri məhz azərbaycanlı olduqlarına və bu etnik mənsubiyyətlərinə görə soyqırıma məruz qaldılar. Beynəlxalq hüquq və normalara görə həmin hadisə soyqırım şərtlərinə cavab verir.

Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilib və bu soyqırımın beynəlxalq müstəvidə tanıdılması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi iş aparılır. Bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası və həmin kampaniya çərçivəsində görülən işlər diqqətə çatdırılıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında bildirib ki, törədilən hər bir cinayətə görə Cinayət Məcəlləsində cəza nəzərdə tutulur və cinayətkarlar cəzalandırılır. 27 il bundan öncə Xocalı soyqırımını törədənlər isə hələ də bu bəşəri cinayətə görə ədalət qarşısında mühakimə olunmayıblar. Xocalı və digər şəhər-kəndlərdə əli dinc azərbaycanlı sakinlərinin qanına batan cinayətkarlar sonradan Ermənistanda hakimiyyətə gəlsələr də, bu ölkədə baş verən inqilabdan sonra onların bir qismini cinayət mühakiməsi gözləyir və Xocalıda törətdikləri bəşəri cinayətlərə görə də cavab verəcəkləri gün gələcəkdir.

Millət vəkili vurğulayıb ki, indiyədək dünyanın on beş ölkəsində Xocalı faciəsinin soyqırım kimi hesab edildiyi qərarlar qəbul olunub və bu fəaliyyət davam etdirilir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıtdırılması bir tərəfdən günahsız qurbanların ruhu qarşısında ədalətin bərpasına xidmət edir, digər tərəfdən isə dünyada bir daha bu kimi dəhşətlərin baş verməməsi üçün çağırış rolunu oynayır.

Sonra Azərbaycanın Xalq Rəssamı Xocalı soyqırımına həsr olunmuş sərgi barədə məlumat verib və qeyd edib ki, həmin hadisələrin baş verdiyi günü nəzərə alaraq, sərgidə 25 əsər təqdim olunur.

Tədbir çərçivəsində yazıçı, publisist və müstəqil jurnalist Səriyyə Cəfərovanın müəllifi olduğu “Onlar heç zaman böyüməyəcəklər” sənədli filmi təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR