“2018-ci ildə əsas prioritetlərimizdən biri yaratdığımız
liqaların fəaliyyətini stabil saxlamaqdır”.
Publika.az xəbər verir ki, bunu AFFA-nin baş
katibi Elxan Məmmədov deyib.
Baş katib bildirib ki, ölkədə uşaq futbolu lazımi səviyyədədir:
“Tez-tez deyirlər ki, Azərbaycanda uşaq futbolu yoxdur. Bu sözü
deyənlər futboldan uzaq, çempionatlardan kənar insanlardır. Onların
diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycanda hər həftə uşaq
futbolu çərçivəsində 245 oyun təşkil edilir. Bu oyunların 74%-i
AFFA tərəfindən maliyyələşir. Bu, bizim sosial
məsuliyyətimizdir”.
Baş katib digər şikayətlərə də aydınlıq gətirib:
“Digər şikayətlərdən biri liqada 8 komandanın olmasıdır. AFFA-nın
hər toplantısında bu barədə müzakirələr gedir. Biz də istəyirik ki,
liqada 8 yox, 10 komanda olsun. Lakin bunun üçün müvafiq güclü,
maliyyə şəffaflığı olan klublar olmalıdır. Bu gün liqada bir klubun
iştirak etməsi üçün 2 milyon manat lazımdır. Bu, UEFA-nın
qaydasıdır. Bu məbləğin 25%-ni biz zəmanət məktublarına yatırırıq.
Bununla biz Azərbaycan çempionatını sığortalayırıq. Biz istərdik
ki, klublarımız da AFFA kimi şəffaf işləsin, maliyyə hesabatlarını
açıqlasınlar”.
Zümrüd
Foto: Pərviz