DGK-nın nümayəndə heyəti Vyana və Brüssel şəhərlərində səfərdə olub

DGK-nın nümayəndə heyəti Vyana və Brüssel şəhərlərində səfərdə olub
17:07 5 Mart 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyəti Vyana (Avstriya) və Brüssel (Belçika) şəhərlərində səfərdə olub.
Bu barədə "Report"a Komitədən bildirilib. 
Məlumata görə, DGK-nın Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Hunter" layihəsi çərçivəsində komitə sədrinin I müavini İsmayıl Hüseynov, komitə sədrinin müavini Cavad Qasımov, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və müvafiq şöbələrin rəislərindən ibarət nümayəndə heyəti Avstriyanın Vyana və Belçika Krallığının Brüssel şəhərlərində səfərdə olublar.
Xatırladaq ki, "Hunter" layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonun iştirakı ilə bu il fevralın 19-da DGK ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyiarasında birgə bəyanat imzalanıb.
"Hunter" layihəsinə əsasən beynəlxalq daşımalar zamanı gömrük-sərhədkeçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılması, effektiv gömrük nəzarətinin genişləndirilməsilə ölkələrin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların qarşısının alınması, həmçinin məlumat analizi bazasının və hədəflənmə imkanlarının inkişaf etdirilməsi ilə aviadaşıyıcılar və oxşar məlumat toplama sistemləri (dəniz, poçt/sürətli bağlamalar və konteynerlər) tərəfindən təmin olunan Sərnişinlərə Dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması daxildir.
DGK-nın nümayəndə heyətinin səfərində əsas məqsəd hədəfləmə və risklərin səmərəli idarəçiliyi sahəsində dünya təcrübəsində mövcud olan ən mötəbər 3 beynəlxalq sistemlə yaxından tanış olmaq və bunların sırasında ən öncül sistemin ölkəmizdə tətbiqi imkanlarını araşdırmaqdan ibarət olub.
Qeyd edilən sistemlər BMT-nin "Gotravel", Ümumdünya Gömrük Təşkilatının "GTAs" ( Global Travelling Assessment System - Qlobal Səyahət Dəyərləndirilməsi Sistemi) və ABŞ Gömrük və Sərhəd Mühafizəsi Administrasiyasının ATS-G (Automated Targeting System Global - Avtomatlaşdırılmış Qlobal Hədəfləmə Sistemi) sistemləridir.
Səfər çərçivəsində nümayəndə heyəti öncə BMT-nin Vyanada yerləşən qərargahında olaraq bu təşkilatın texnoloji innovasiyalar proqramlarından məsul mütəxəssislər ilə görüşüb və onlar tərəfindən qlobal sistemlərə dair edilən təqdimatlarla tanış olublar.
BMT-nin "Strateji həllər" bölməsinin rəhbəri Maurizio Gazzola və digər texniki mütəxəssislər xüsusilə "Gotravel" adlanan sistem barədə ətraflı məlumat təqdim edərək bildiriblər ki, qeyd olunan sistemi Hollandiya yaradıb və əqli mülkiyyət hüququ BMT-yə verilib. Sistemin üzv ölkələr tərəfindən istifadəsi bu ilin aprelindən rəsmi şəkildə təmin ediləcək. Bu sistemin API (Advance Passenger İnformation - Sərnişinlərə dair ilkin məlumat) və PNR (Passenger Name Records - Sərnişin adlarının qeydiyyatı) məlumatlarını bir bazada cəmləşdirərək, məlumatların emal edilməsi ilə vizual risk təhlili yaratması imkanlarını demoversiya əsasında nümayiş etdirən mütəxəssislər beynəlxalq terrorizmə qarşı mübarizədə, hədəflərin müəyyənləşdirilməsində və risklərin səmərəli idarəçiliyi əsasında sərnişinlərin keçidinin sadələşdirilməsində qeyd olunan sistemin verəcəyi faydaları diqqətə çatdırıblar. Sistemin digər əsas üstünlüklərindən biri də "Gotravel" sistemindən istifadə edən ölkələr arasında qarşılıqlı razılaşma əsasında avtomatlaşdırılmış qaydada məlumat mübadiləsi imkanlarının olmasıdır.
DGK-nın səlahiyyətli nümayəndələri Belçikanın paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının qərargahında Asanlaşdırma və Uzlaşdırma Direktoratlığının təhlükəsizlik proqramları üzrə məsul heyətinin üzvləri ilə görüşüblər.
Görüş zamanı ÜGT-nin təhlükəsizliyinin təmin edilməsi sahəsi üzrə texniki mütəxəssisi Jatinder Randhava təqdimatla çıxış edərək ÜGT-nin təhlükəsizlik proqramları olan "Sərnişin nəzarəti", "Qlobal qalxan", "Strateji ticarət", "Kiçik və yüngül silahlar" və "Terrorizmin maliyyələşdirilməsi" kimi proqramları barədə məlumatları diqqətə çatdırıb. Sonra mütəxəssis "Sərnişin nəzarəti - API (Advance Passenger İnformation - Sərnişinlərə dair ilkin məlumat) və PNR (Passenger Name Records - Sərnişin adlarının qeydiyyatı)" proqramı üzrə məlumat verərək bildirib ki, bu proqram üzrə əsas sistemi 2017-ci ildə ABŞ gömrük administrasiyası yaradıb.
GTAS (Qlobal Səyahət Dəyərləndirilməsi Sistemi) adlı həmin sistemin hüquqları Ümumdünya Gömrük Təşkilatına bağışlanıb və sistem müstəqil şəkildə hava daşıyıcılarından daxil olan Api/Pnr məlumatlarını emal edərək, risk indikatorları üzrə əlaqələndirmə prosesini həyata keçirmək imkanına malikdir.
Qeyd olunub ki, sistem hazırda Pakistan, İsvec, Estoniya, Maldiv və Uqanda hökumətləri tərəfindən istifadə edilir, bir sıra ölkələrdə isə hazırlıq mərhələsindədir.
Görüş çərçivəsində ÜGT-nin dəvətilə iştirak edən ABŞ Gömrük və Sərhəd Mühafizəsi Administrasiyasının mütəxəssisləri sistemin işləmə qabiliyyəti və mexanizminə dair funksional imkanları demoversiya üzərindən nümayiş etdirərək, proqramın texniki və vizual xüsusiyyətləri barədə bilgi veriblər. Öz növbəsində, Dövlət Gömrük Komitəsinin nümayəndələri Azərbaycanda qeyd olunan sahə üzrə cari vəziyyət barədə məlumatları mütəxəssislərin diqqətinə çatdırıb və GTAS (Qlobal Səyahət Dəyərləndirilməsi Sistemi) sisteminin ölkəmizdə tətbiqi imkanlarına dair müzakirə aparıblar.
Səfər çərçivəsində növbəti görüş Brüssel şəhərindəki "Hilton" otelində ABŞ Gömrük və Sərhəd Mühafizəsi Administrasiyasının ATS-G (Qlobal Avtomatlaşdırılmış Hədəfləmə Sistemi) sistemi üzrə layihə meneceri Gregory Falcon ilə baş tutub.
Mütəxəssis təqdimat zamanı sistemin API (Advance Passenger İnformation - Sərnişinlərə dair ilkin məlumat) və PNR (Passenger Name Records - Sərnişin adlarının qeydiyyatı) məlumatlarını analiz etmə imkanlarını nümayiş etdirib. Bildirilib ki, bu sistem müxtəlif növ təhlil etmə və ən önəmlisi yalnız daxili qurumlararası deyil, digər ölkələrlə də beynəlxalq səviyyədə məlumat mübadiləsini həyata keçirmək və emal etmək imkanına malikdir. Sistemin hazırda 22 ölkədə tətbiq edildiyi, 20-yə yaxın ölkə ilə isə danışıqlar aparıldığı diqqətə çatdırılıb.
Daha sonra mütəxəssis sistemin daxil olan məlumatlar əsasında necə çalışması, risk profillərinin yaradılması və sorğunun həyata keçirilməsinə dair prosesləri vizual demoversiyasında nümayiş etdirib və sualları cavablandırıb.
Hər üç görüşdə DGK-nın rəhbər nümayəndələri adıçəkilən sistemlərin mövcudluğunun və istifadəsinin önəmi barədə çıxış ediblər. Vurğulanıb ki, beynəlxalq və milli səviyyədə terrorizmin, insan qaçaqmalçılığı, çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bu kimi digər transmilli cinayətlərin qarşısının alınması birgə əməkdaşlıq və öncül sistemlərin tətbiqi vasitəsilə daha səmərəli olacaq.





Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/dgk-nin-numayende-heyeti-vyana-ve-brussel-seherlerinde-seferde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR