Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə qeyd edilib ki, hər iki zərərçəkmiş şəxs barışıq ərizəsi yazıb.
Rəşad Tahirov məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş 140 min dolların tam şəkildə ödənildiyini bildirib.
Əvəz Əhmədovun vəkili çıxış edərək qeyd edib ki, Əvəz Əhmədova qarşı ittiham ehtimallar üzrə qurulub.
"Zərərçəkmiş Rəşad Tahirov deyir ki, Əvəz Əhmədovun ona, ailə üzvlərinə nəsə edəcəyindən ehtiyat edib. Buna görə də Hörmət Əskərovun əvəzinə Əvəz Əhmədova pul verib. Axı, bu ifadədən də aydın olur ki, Əvəz Əhədov heç kimə hədə-qorxu gəlməyib. Rəşad Tahirov özü özündən qorxub, ehtiyat edib kiməsə pul veribsə, bu o demək deyil ki, Əvəz Əhmədov onu hədələyib. Bu, ittihamın əsassız olduğunu açıq-aydın sübut edir".
Vəkilin dediyinə görə, digər zərərçəkmiş Hörmət Əskərovun epizodunda isə aydın olur ki, burada adam ourluğundan söhbət getmir:
Məhkəmənin növbəti iclası martın 13-nə təyin edilib.
Qeyd edək ki, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.
H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabrında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.
H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.
H.Əskərov R.Tahirovun arvadının qohumudur.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov bir neçə dövlət orqanında çalışıb.