Minsk, 4 may, AZƏRTAC
Belarusun paytaxtında keçirilən bədii gimnastika üzrə “Avropa-2015” çempionatının üçüncü günündə çoxnövçülüyün halqa ilə hərəkətlərində Rusiya idmançısı Marqarita Mamun qitə çempionu olub. Onun rəqibləri Melitina Stanyuta gümüş, Yekaterina Qalkina bürünc medala layiq görülüb.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, qadınlar arasında gürz ilə hərəkətlərdə Rusiya təmsilçisi Yana Kudryavtseva yüksək nəticə göstərib. Bundan əvvəl o, topla hərəkətlərdə də birinci yeri tutub. Gürz ilə hərəkətlərdə ikinci yeri ukraynalı Anna Rizatdinova əldə edib. Üçüncü yerə isə eyni bal (18,033) toplamış Melitina Stanyuta və Yekaterina Qalkina çıxıblar. Final yarışlarının gedişində Azərbaycan məşqçiləri təmsilçimiz Marina Durundanın göstərdiyi nəticə ilə bağlı protest versələr də, təmin olunmayıb. Onun göstəricisi əvvəlki kimi (17950, 5-ci yer) qalıb.
Bu gün Melitina Stanyuta ayrı-ayrı hərəkətlər üzrə finallarda da yer tutub. O, halqa ilə hərəkətlərdə ikinci, top ilə hərəkətlərdə isə üçüncü yerə çıxıb. Yekaterina Qalkina “bürünc” medalı halqa ilə hərəkətlərdə də əldə edib.
Yarış proqramının yekun oyunu lent ilə hərəkətlərdir. Finalçıların səkkizliyinə Azərbaycan təmsilçisi Marina Durunda, Salome Pajava (Gürcüstan), Kseniya Mustafayeva (Fransa), Anna Rizatdinova (Ukrayna), Yana Kudryavtseva, Marqarita Mamun (hər ikisi Rusiya), Melitina Stanyuta, Yekaterina Qalkina (hər ikisi Belarus) daxil idi.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk