Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşən 259 ev söküləcək

Şamaxıda baş verən zəlzələ nəticəsində rayon ərazisində 5126 ev və obyektə ziyan dəyməsi barədə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət daxil olub.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə Şamaxı RİH-nin baş memarı Rüstəm Əliyev deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlər əsasında 5113 evə baxış keçirilib:

"Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 259-u kəskin qəzalı (dağılmış), 1156 evin bərpası mümkün vəziyyətdə, 1965 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 1725 evin vəziyyəti qənaətbəxs hesab edilib".

R.Əliyev qeyd edib ki, hazırda tam qəzalı vəziyyətdə olan evlərin yenidən tikintisinə başlanılıb: "Artıq 3 ev tikilərək ailələrə təhvil verilib, 7 evin tikintisi davam etdirilir, 5 evin isə bünövrəsi qoyulub. Tikinti briqadaları tam qəzalı vəziyyətdə olan digər evlərdə söküntü işlərinə başlayıb".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR