Birlikdə yaşadığı xanımı öldürməyə cəhd edən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Şirzad Əsədov özünü təqsirli bilməyib.

O bildirib ki, ailə münaqişə zəminində Zöhra Əlqəmbəyevaya xəsarət yetirib:

“Axşam evə gələndə gördüm ki, uşaqlar yatıb. Pəncərinə açıq qoymuşdu, səbəbini soruşdum. Gördüm mənə kobud cavab verir. Dedim , özünü düzgün apar, problem yaratma. Amma eyni qaydada davam elədi. Mən də qayçı ilə iki dəfə şıram atdım. Birini boynuna, birini də kürəyinə. Onun özünə demişdim ki, səni öldürməyəcəm, şikəst edəcəm”.

Suallara cavab verən Şirzad Əsədov Zöhrəni öldürmək istəmədiyini deyib və dəfələrlə bıçaqlamasının səbəbini belə izah edib:

"Mən onu öldürmək istəsəydim, bir dəqiqədə edərdim. Ona dedim ki, səni öldürmədiyim üçün mənə yalvaracaqsan. İstəyirdim ki, onun sifətinə şıram atım. Neçə dəfə atsam da tutmadı. Əli ilə tutmaq istəyirdi. Ulayırdı, yalvarırdı ki, vurmayım. Öldürmək istəsəydim, indi ölmüşdü".

Məhkəmədə Zöhrə Əlqəmbəyeva da ifadə verib. Deyib ki, Şirzad bəzi məsələləri düz danışmır. O, Şirzadla bir müddət yaşasa da sonra ayrılmaq istədiyini deyib. Lakin ondan əl çəkmədiyini də Zöhra sözlərinə əlavə edib.

Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meyseri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb.

O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

Hadisədən sonra Şirzad Əsədov naromaniyadan əziyyət çəkən şəxslərin müalicə aldığı Narkoloji Mərkəzə gedib. Özünü başqa şəxs kimi təqdim edərək orada müalicə almağa, gizlənməyə başlayıb.

Bundan 2 gün sonra Narkoloji Mərkəzdə məlum dəhşətli yanğın hadisəsi baş verib və 25 nəfər xəstə dünyasını dəyişib.