Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, 1918-ci il mart soyqırımı Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm məqamdır
Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart soyqırımının 101-ci dönümüdür.
Milli.Az bildirir ki, Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynovun Sputnik Azərbaycan-a dediyinə görə, 1918-ci il mart soyqırımı Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm məqamdır:
"Bu hadisələrin beynəlxalq səviyyədə tanıtmaq borcumuzdur. Soyqırımın kənardan havadarları var idi. Onun məqsədi bu ərazidə müstəqil respublikanın yaranmasına əngəl olmaq idi. Bütün əngəllərə baxamayaraq biz müsəlman şərqində ilk respublikanı yaratmışıq. Sözsüz ki, mart hadisələri və ondan sonra elan olunan müstəqilliyimiz birgə tədqiq edilməlidir".
31 mart 1918-ci ildə, köhnə təqvimlə - 21 mart Novruz bayramı ərəfəsində Stepan Şaumyanın rəhbərliyi ilə daşnak-bolşevik silahlı birləşmələri tərəfindən qısa müddətdə 50 mindən çox müsəlman - azərbaycanlılar, ləzgilər, yəhudilər və digər millətlərdən olan insanlar öldürülüb.
1998-ci ildə Azərbaycan Prezidenti 1918-ci ilin martında qətlə yetirilənlərin xatirəsinə martın 31-ni "Azərbaycanlıların soyqırımı günü" elan edib. Ötən il Azərbaycanda soyqırımın 100-cü ili qeyd olunub.
Milli.Az