"Yeni yaşıllıqların salınması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən aksiyalarda bir sıra rayon icra hakimiyyətləri öz fəallıqları ilə fərqlənir ki, bu da ağacəkmə kampaniyasının daha da kütləviləşməsinə rəvac verir" .

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. Onun sözlərinə görə, aparılan təhlillərə əsasən deyə bilərik ki, paytaxtın Yasamal, Nərimanov, Binəqədi, Xəzər rayonlarında, bölgələr üzrə Şəmkir, Sumqayıt, Şirvan, Ağcabədi, Yevlax, Mingəçevir, Qax şəhərlərində yaşıllıqların salınması tədbirləri artıq kütləvi hal alıb və bu rayonlarda daha geniş yaşıllıq zolaqları salınıb:

"Əminik ki, belə tədbirlər digər rayonlar üçün də stimul olacaq, geniş yaşıllıq sahələri salınacaq və qorunacaq.

Qeyd edim ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ölkəmizdə yaşıllıq sahələrinin artırılması, qorunması və insanlarda təbiətə qayğı hissini aşılamaqdır".

Günay Elşadqızı / METBUAT.AZ