Bakı, 5 may, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) litvalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
AZPROMO-dan AZƏRTAC-a verilən məlumata görə, mayın 5-də Litva şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən işgüzar görüşdə fondun rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və litvalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas Azərbaycan-Litva iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, litvalı iş adamlarının sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.
Görüşdə sənaye, qida, energetika, tikinti və digər sahələrdə fəaliyyət göstərən Litva şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.