Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş “Böyük Vətən müharibəsinin Qələbəsində alimlərin rolu” mövzusunda konfrans açılıb.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə çiçəklər qoyublar.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransı açaraq bildirib ki, Azərbaycan Qələbənin yaxınlaşmasına böyük töhfə verib. 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə cəbhəyə 700 min Azərbaycan vətəndaşı çağırılıb, onların yarısı həlak olub. 400-dən çox həmvətənimiz müxtəlif orden və medallarla təltif edilib, 14 nəfər “Şöhrət” ordeninə, 123 nəfər Sovet ittifaqı Qəhrəmanı adına layiq görülüb.
Almaniya komandanlığı Bakıdakı neft yataqlarına xüsusi diqqət yetirirdi və Qafqaz uğrunda döyüşlərdə qarşıya Bakı və Bakının neft-qaz rayonları üzərində nəzarəti ələ keçirmək vəzifəsi qoyurdu. Almaniyanın işğalçılıq planlarında Azərbaycana xüsusi yer ayrılırdı. Azərbaycanın təbii sərvətləri, xüsusən də neft ehtiyatları, Şərq ilə Qərb arasında strateji baxımdan əlverişli mövqedə yerləşməsi faşistlərin diqqətini cəlb etmişdi. Hitler Qafqaza hücum planını “Edelveys” adlandırmışdı. Həmin plana görə, Bakı 1941-ci sentyabrın 25-dək işğal edilməli idi. Faşist Almaniyasının planları barədə Moskvaya irəlicədən məlumat verilmişdi. Bu qiymətli məlumatları mərkəzə cəsur kəşfiyyatçı, həmvətənimiz Rixard Zorge ötürürdü. O, faşist Almaniyasının Sovet İttifaqına hücum edəcəyi haqqında qabaqcadan məlumat vermişdi. Onun Yaponiyanın müharibəyə qoşulmayacağı barədə xəbərdarlığı Moskva ətrafında döyüşlərin getdiyi günlərdə sovet rəhbərliyinə kömək etmişdi.
Müharibə illərində Azərbaycan neft və neft məhsullarının əsas təchizatçısı idi. Həmin dövrdə Bakıda 130 addan çox silah və sursat istehsal edilirdi. Azərbaycan neftçiləri bütün ölkənin yanacağının 80 faizini təmin edirdilər. Sovet İttifaqı marşalı Georgi Jukov deyirdi: “Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizi müdafiə etmək, düşmən üzərində qələbəni sürətləndirmək üçün lazım olan qədər yanacaq verirdilər”.
Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan alimləri də müstəsna rol oynayıblar. Azərbaycanın elm xadimləri ümumxalq qələbəsinə nail olmaq üçün var qüvvə ilə çalışırdılar. Partlayıcı maddələr istehsalı üçün xammal olan toluolun alınması prosesi ilk dəfə Azərbaycanın böyük kimyaçı alimi Yusif Məmmədəliyevin rəhbərliyi ilə öyrənilib və istehsalata tətbiq edilib. Y.Məmmədəliyev əməkdaşları ilə birlikdə tank əleyhinə yandırıcı qatışıq işləyib hazırlayıb. Sonralar Qərbdə bu qatışığı “Molotov kokteyli” adlandırıblar. Y.Məmmədəliyev müharibə illərində Dövlət Müdafiə Komitəsinin daha bir sifarişini qısa müddətdə yerinə yetirib: aviasiya üçün böyük əhəmiyyət daşıyan və düşmən üzərində qələbəni sürətləndirməyə kömək edən yüksək oktanlı aviasiya yanacağı əldə edilməsinin sənaye üsulu ilə istehsalını işləyib hazırlayıb və tətbiq edib. Y.Məmmədəliyev bu ixtirasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. Müharibə illərində Y.Məmmədəliyevin gördüyü işlər neft kimyasında bütöv bir istiqamətin bünövrəsini qoyub və ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi işində böyük əhəmiyyət daşıyıb.
Geoloqlar Mirəli Qaşqay, Şamil Əzizbəyov və başqaları yeni neft yataqları kəşf ediblər.
Akif Əlizadə Böyük Vətən müharibəsində göstərdikləri hünərə görə veteranlara minnətdarlığını bildirib.
Sonra məruzələr dinlənilib.
AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov “İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədə Azərbaycanın rolu” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycan Respublikası Veteranlar Şurasının sədri Dadaş Rzayev, Rusiya Elmlər Akademiyasının S.İ Vavilov adına Təbiət və Texnika Tarixi İnstitutunun direktoru, təyyarəçi-kosmonavt, Rusiya Qəhrəmanı, REA-nın müxbir üzvü Yuri Baturin, Gürcüstan Tarix və Etnoqrafiya İnstitutunun böyük elmi əməkdaşı, tarix elmləri doktoru Niko Cavaxaşvili, Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun yeni Belarus tarixi şöbəsinin müdiri Sergey Tretyak da məruzə ediblər.
Konfrans çərçivəsində Böyük Vətən müharibəsində faşist Almaniyası üzərində Qələbənin 70 illiyinə həsr edilmiş “Vətənə və elmə xidmət edirdilər” kitabının təqdimatı olub.
Kitabın müəllifi Georgi Zapletin, redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik A.Əlizadədir.
Kitabda 1941-1945-ci illər Böyük Vətən müharibəsinin cəbhələrində qəhrəmancasına vuruşmuş döyüşçülərdən - AMEA-nın gələcək akademik və müxbir üzvlərindən söz açılır.
Kitabın ikinci hissəsi institutlarda, elmi laboratoriyalarda çalışan, düşmən üzərində Qələbəyə sanballı töhfə vermiş alimlərə həsr olunub.


