“Bölgələrdən Bölgələrə” festivalı Lerikdə - FOTO

“Bölgələrdən Bölgələrə” festivalı Lerikdə - FOTO
04:38 3 May 2019
Ölkə mətbuatı
A- A+

Ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Azərbaycanın dilbər guşələrindən biri, dağlar diyarı, uzunömürlülər məskəni Lerik rayonu olub.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə Heydər Əliyev Meydanında baş tutub.

Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri festivalın sərgi hissəsinə baxış keçiriblər.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi hissəsində çadırlar qurularaq metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.

Ənənəvi festivalda xalq sənətkarları və rəssamların əl işlərini əyani şəkildə nümayiş etdirməsi izləyicilərin xüsusi marağına səbəb olub.

Daha sonra xalçaçı qızların hana arxasında ilmə vurması, corab toxuması kimi qədim el sənətini əyani şəkildə nümayiş etdirmələri ziyarətçiləri keçmiş dövrlərin ab-havasına kökləyib.

Festival Lerik Rayon Mədəniyyət Mərkəzinin “Bahar” xalq çalğı alətləri ansamblı, Mondigah Kənd Folklor Evinin oğlanlardan ibarət “Lakto” folklor rəqs qrupu, Cəngəmiran kənd Diyarşünaslıq Evinin qızlardan ibarət “Bənövşə ” folklor kollektivinin biri-birindən maraqlı çıxışları ilə davam edib.

2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub. Nəsimi obrazı canlandırılaraq qiraət ustalarının ifasında ədibin “Mərhaba” və “Olmuşam” qəzəlləri səsləndirilib.

Festivalda 12 nəfər Lerik rayonundan olan uzunömürlülər də iştirak edib. Lerikin uzunömürlüləri ilə təbiət qoynunda, çay süfrəsi arxasında səmimi söhbət edilib, onlara hədiyyələr təqdim olunub.

Mərasimdə Lerik rayonunun mədəni həyatında fəal iştirak edən mədəniyyət işçiləri mükafatlandırılıb.

Yaradıcılıq Festivalının bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət ustaları və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/277529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR