"Bu günə kimi "ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 28 milyondan çoxdur"

"Bu günə kimi "ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 28 milyondan çoxdur."

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Fuad Ələsgərov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Dövlət orqanları ilə vətəndaşlar arasında münasibətin yeni formatından, dövlət orqanlarında şəffaflıqdan danışdıqda ilk yada düşən, əlbəttə ki, "ASAN xidmət” mərkəzləri olur. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılmış "ASAN xidmət” mərkəzləri dövlət orqanları-vətəndaş münasibətlərində inqilabi dəyişikliyə nail oldu.


Möhtərəm Prezident İlham Əliyevin ideya müəllifi olduğu "ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması olmuşdur.

Hazırda ölkə üzrə 15 "ASAN xidmət” və 2 "ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir. Ölkə Prezidentinin tapşırığına əsasən yaxın zamanlarda Bakı şəhərində daha 2 "ASAN xidmət” və 1 "ASAN Kommunal” mərkəzinin, həmçinin rayonlarda 5 "ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda, "ASAN xidmət” mərkəzlərinin olmadığı şəhər və rayonlarda 10 səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmət göstərilir.

"ASAN xidmət” mərkəzlərində dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. Əhaliyə mərkəzin fəaliyyəti barədə mütəmadi məlumat vermək, təklif və şikayətləri dinləmək üçün "ASAN radio” və 108 "Çağrı” mərkəzi fəaliyyət göstərir.

Bu günə kimi "ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 28 milyondan çoxdur. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,6 faiz təşkil edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR