Niyə komediya filmləri və serialları daha çox sevilir?

Niyə komediya filmləri və serialları daha çox sevilir?
13:57 5 May 2019
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Son illərdə ölkəmizdə türk serialları ilə yanaşı yerli seriallara da maraq artmağa başlayıb. Bu da onu göstərir ki, artıq serial istehsalçıları məsələyə getdikcə ciddi yanaşmağa, ortaya baxımlı məhsul çıxartmağa çalışır. Hazırda təqdim olunan seriallar əsasən dramatik və komediya janrında olur. Bəs tamaşaçı daha çox hansı janrda olan seriala üstünlük verir?

Statistik məlumata görə, milli efir məkanımızda həftə ərzində 65 saatdan çox teleserial yayımlanır. Bunun yalnız 25 faizini komediya serialları təşkil edir ki, bu janrda yayım öncüllüyü hazırda ATV və Xəzər TV-yə məxsusdur. Müşahidələrdən və aparılan sorğulardan belə məlum olur ki, tamaşaçı daha çox komediya janrına üstünlük verir.

Məsələn, son günlərdə "Xəzər TV"-də yayımlanan "Niyə?", ATV-də yayımlanan "Buğlama" serialları daha iddialı və reytinqli olmağı bacarıb. Xüsusən də birinci qeyd edilən serialdakı aktyor oyunu, süjet xətti tamaşaçı tərəfindən maraqla qarşılanır, sevilir.

Bununla belə dram janrında çəkilən seriallar da artıq tamaşaçı marağı qazana bilir. Məsələn, 2017-ci ildən yayımlanan "Ata ocağı" serialı bu gün də tamaşaçı kütləsini ekrana cəlb etməyi bacarır.

Bununla belə yuxarıda qeyd etdiyimiz kimi, bu gün Azərbaycan tamaşaçısı həm kinotearlarda, həm də ekranda sosial-psixoloji, düşündürücü, mənəvi mövzuları əks etdirən, dramatik filmlərə deyil, daha çox yüngül formalı, heç də düşündürücü olmayan komediya janrına üstünlük verir.

"Bu cərəyanın haradan və hansı səbəbdən gəldiyini, dəb kimi formalaşdığını  hələ də anlamıram. Anlamaq istəyirəm, amma bu məndə alınmır". Milli.Az bildirir ki, bu sözləri xalq artisti, kinorejissor Oqtay Mirqasımov mövzu ilə bağlı musavat.com-a açıqlamasında bildirib.

Kinorejissor təqdim olunan komediyaların keyfiyyət baxımından çox aşağı səviyyədə olduğunu deyib: "Bu komediyalar sadəcə təlxəklikdir, bəzən heç yumoru da olmur. Ümumiyyətlə bu barədə danışmaq mənim üçün çətindir".

Digər kino mütəxəssislərinin fikrincə bu məsələyə həm sosial-iqtisadi, həm də siyasi təsirləri var. Məsələn, ötən əsrin əvvəlində Hollivud, 40-50-ci illərdə isə Fransa kinosunda bu cür proses olub. Yəni, problemlərdən bezən, daha çox əyləncəyə ehtiyacı olan insanlar komediya janrına üstünlük verib. Lakin zaman keçdikcə, vəziyyət dəyişdikcə insanlar komediya janrından bezərək, fəlsəfi, düşündürən dram janrına yaxınlaşmağa başlayıb.

Kinoprodüser Fehruz Şamıyevin fikrincə, komediya janrına üstünlük əsasən iqtisadi-siyasi məsələlərlə bağlı olur: "Bu, bütün dünyada var. Yəni, iqtisadi durum və yaxud  insanların sosial durumu nə qədər ağırlaşırsa, daha çox yüngül filmlərlə keçid etməyə , onunla da istirahət etməyə, əhvalını yaxşılaşdırmağa çalışırlar. Psixoloji, dram filmlərini əsasən maddi vəziyyəti təmin olunmuş yuxarı üst təbəqə üçün baxımlı hesab edir. Beləliklə bu məsələ iqtisadi amillərlə bağlıdır. Kütlə çalışır ki, gizli mənaları, dərin-fəlsəfi mesajları olmayan, tez həzm olunan filmlərə baxsın. Bununla belə dram janrının da öz tamaşaçıları olur. Lakin bütün dünyada olduğu kimi bu cür tamaşaçı bizdə də azlıq təşkil edir. İnsanlar işləyib, qazandıqlarını istirahətə xərcləməyə çalışırlar, nəinki özünü kinoteatrda psixoloji, dramatik amilə kökləməyə...

Bundan əlavə telekanallarımızın təbliğ etdiyi "dəyərlər" gəncləri və ümumilikdə tamaşaçılarımızın səviyyəsinə birbaşa təsir edir. Hər gün efirə gedən şit zarafatlar, ucuz gülüş effekti verən sitkom (komik səhnələr) və seriallar tamaşaçımızın zövqünü formalaşdırmaqdadır. Diqqət etsək görərik ki, kinoteatrlarda nümayiş olunan filmlərin qəhrəmanlarının əksəriyyəti televiziyadakı həmin ucuz sitkomlarda çəkilən yoldaşlardır. Bununla da tamaşaçı efirdə gördüyü qəhrəmanları yenidən kinoteatrlarda izləyir. Ümumilikdə belə deyə bilərik ki, televiziyaların formalaşdırdığı kütlə kinoteatra gedəndə mütləq komediyaya baxmağa can atacaq. Seriallara gəldikdə isə, bu televiziya məhsuludur. Serial istehsalçıları efiri doldurmaq, boş qoymamaq üçün asan üsluba, komediya janrına üstünlük verir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/752396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR