İndoneziyada 17 apreldə keçirilən prezident və parlament seçkisindən sonra uzun müddət çalışdıqlarına görə yorğunluqdan ölənlərin sayı 500-ü ötüb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya mətbuatı məlumat yayıb. Məlumata görə, ölənlərdən 412-si İndoneziya Seçki Komissiyasına bağlı səlahiyyətli şəxslər, 92-si isə Seçki Nəzarət İdarəsindən səlahiyyətli şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Onların ölümünə səbəb həddindən artıq yorğunluqdur.
Xəstəxanalarda isə təxminən 3700 şəxs müalicə olunur. Ölənlər arasında sandıq başında olanların və 40 yaşdan yuxarı olan şəxslərin üstünlük təşkil etdiyi deyilir.
İndoneziya Seçki Komissiyasının sədri Arif Budiman bildirib ki, ölənlərin ailələrinə 36 milyon rupiah (təxminən 4300 manata yaxın) təzminat ödənir.
Qeyd edək ki, eyni gündə keçirilən prezident və parlament seçkilərində 800 mindən çox səsvermə məntəqəsində 7 milyon adam çalışır. Ölkədə olan 193 milyon seçki hüququ olan şəxsin 81 faizi səsvermədə iştirak edib. Seçkinin nəticələrinin 22 maya qədər açıqlanacağı gözlənilir.
Günay Elşadqızı / METBUAT.AZ