"Azadlıq ölkəsi" insan haqlarını belə tapdalayır

12:42 15 Yanvar 2015
112 Sosial
Ölkə mətbuatı
A- A+

ABŞ-da senzura və medianın işinin əngəllənməsi davam edir və bu gün də həmin ölkədə jurnalistlər, sadə insanlar ifadə azadlığından tam istifadə edə bilmirlər.

Trend-in məlumatına görə, bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda keçirilən dinləmələrdə "Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması" mözvusunda çıxışı zamanı deyib.

QHT rəhbəri bildirib ki, ABŞ bizə təbliğ edildiyi kimi insan hüquq və azadlıqlarının mübaliğəsiz təmin edildiyi ölkə deyil: "Əksinə, bu ölkədə bu hüquq və azadlıqlar, o cümlədən ifadə və media azadlığı, demək olar ki, hər gün kobud şəkildə pozulmaqdadır. Son zamanların ən yeni örnəklərini diqqətinizə çatdırmaq istərdim. 2010-cu ilin dekabrında aralarında Co Libermanın da olduğu bir qrup senator Amazon.com-u Vikiliksi özünün serverlərindən çıxarmağa məcbur etdi. Elə həmin ayın əvvəlində Barak Obama administrasiyası dövlət qurumları və təhsil müəssisələri işçilərinin Vikiliksdən istifadəsini yasaqladı. Amma sonra Dövlət Departamenti bunu təkzib etsə də, ABŞ-ın aparıcı media qurumları belə bir tapşırığın olduğunu təkidlə təkrarlayırdı".

A.Həsrət qeyd edib ki, 3 dekabr 2010-cu ildə İngiltərənin "The Guardian" qəzeti yazırdı ki, ABŞ Kongresinin kitabxanası, ABŞ Ticarət Departamenti və başqa dövlət qurumları Vikiliksə girişin yasaqlandığını təsdiqləyib: "Elə 2014-cü ilin yayında 38 jurnalist təşkilatı birləşərək prezident Barak Obamaya göndərdikləri etiraz məktubunda onun hakimiyyətini federal hakimiyyət orqanları ilə bağlı xəbərlərin yayılmasında siyasi basqıdan əl çəkməyə çağırır. ABŞ tarixində ilk dəfə idi ki, belə bir etiraz, özü də demək olar ki, kütləvi etiraz qeydə alınırdı".

Onun sözlərinə görə, məktubda qeyd edilirdi ki, ABŞ federal dövlət qurumlarının rəsmilərinə media ilə əlaqənin yasaqlanması insanların informasiya almasına əngəl törədir.

Məktubda deyilirdi: “Son iki onillikdə dövlət qurumlarının öz işçilərinin media ilə birbaşa əlaqələrini yasaqlama hallarında artım müşahidə edilmişdir. Onların belə təmaslarına yalnız ictimai əlaqələrə məsul olan şəxslər və ya siyasi rəhbərliyin izniylə yol verilir. Bu meyil xüsusi olaraq federal hökumətdə nəzərə çarpmaqdadır. Biz belə məhdudiyyətləri senzuranın bir forması kimi görürük. Bu yolla ictimaiyyətin görməli və eşitməli olduğu xəbərlər üzərində nəzarətin həyata keçirilməsini qəbuledilməz sayırıq”.

Onun sözlərinə görə, hazırda isə Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi ölkədə media ilə bağlı durumdan ciddi əndişə duyaraq Barak Obamaya müraciət üçün imza toplayır: "Mənim də imzaladığım müraciətdə Obamadan tələb edilir ki, ABŞ-da jurnalistlərin normal fəaliyyəti üçün şərait yaradılsın, onlara qarşı hər cür təqibə son qoyulsun. Konkret olaraq 3 maddədən ibarət tələb irəli sürülür: 1. Jurnalistlərin və media qurumlarının istifadə etdiyi qurğulara qanunsuz müdaxilələrə və onlara qarşı gizli təqibə son qoyulması üçün prezident sərəncam versin; 2. ABŞ sərhədlərində jurnalistlərə qarşı təcavüzkar münasibətə son qoyulsun; 3. Jurnalistləri xüsusi xidmətlərlə işbirliyinə cəlb etməyə və informasiya sızdıranları qorxutmağa yönəlmiş agressiv hüquqi təqiblərə son verilsin".

A.Həsrət vurğulayıb ki, ABŞ-da həm də jurnalistlərin müxtəlif təzyiq vasitələrilə xüsusi xidmətlərlə işbirliyinə cəlb edilməsi praktikasından geniş istifadə edilir: "Jurnalistlərin kütləvi tədbirlər zamanı kütləvi şəkildə polis basqısına, həbslərə məruz qalması da bu ölkə üçün normadır, adi haldır. Elə son zamanlar gündəmdə olan Ferquson hadisələri zamanı onlarla jurnalistin döyülməsi, həbs edilməsi, bəzilərinə qarşı hətta odlu silahla açıq təhdidlərin olması artıq bilinən gerçəkdir. Təbii ki, söhbət bütün bunların polis tərəfindən edildiyindən gedir. Pen American Center – Amerika Qələm Mərkəzinin açıqlamasında deyilir ki, avqustun 9-da polisin qaradərili silahsız gənc Maykl Braunu öldürməsindən sonrakı proseslərdə üst-üstə 52 jurnalist polis zorakılığına məruz qalıb. Təşkilatın hesabatında o da qeyd edilir ki, media təmsilçilərindən 21-i hətta həbs də edilib. Bu həbs və zorakılıq hadisələri cəmi 8 günün içində baş verib: avqustun 12-dən 20-dək olan müddətdə. Zorakılıq deyəndə isə polisin jurnalistləri döyməsindən tutmuş onları odlu silahla təhdid etməsinədək hallar nəzərdə tutulur".

A.Həsrət vurğulayıb ki, ABŞ-da bu cür hallar haqqında saatlarla danışmaq olar: "Ancaq düşünürəm ki, elə bu faktlar yetərlidir ki, dünyaya demokratiya və insan haqları dərsi keçən ölkənin özündə durumun necə olduğunu anlayaq. Və ən maraqlısı və xüsusi olaraq vurğulamaq istədiyim məqam isə odur ki, bu ölkədəki bu qədər qorxunc duruma insan haqlarını qoruduğunu iddia edən beynəlxalq qurumlar, demək olar ki, heç bir reaksiya vermir, bizə sübut etməyə çalışırlar ki, ABŞ-da belə hallar baş vermir. Bu isə o deməkdir ki, həmin qurumlar da, əslində, ABŞ rəsmi siyasi kursunu müəyyən edənlərin nəzarəti altındadır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR