Bakı, 8 may, AZƏRTAC
Yasamal rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən elmi-praktik konfrans keçirilib.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev ölkəmizin müasir inkişaf tarixinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. O, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, habelə beynəlxalq əlaqələrində ciddi dönüşün yarandığını diqqətə çatdırıb. İcra başçısı Ulu Öndərin işləyib hazırladığı sosial-iqtisadi strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, nəticədə Azərbaycanın regionun ən qüdrətli ölkəsinə çevrildiyini deyib. Vurğulayıb ki, Azərbaycan xalqı onun Heydər Əliyev kimi dahi bir lideri olmasına görə xoşbəxtdir. Bu gün dünyada nüfuzu daha da artan ölkəmiz möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Konfrans məruzələrlə davam edib.
Sonra şagirdlər ulu öndər Heydər Əliyev haqqında ürək sözlərini, ona sonsuz sevgi və məhəbbətlərini ifadə ediblər.
Ulu Öndərin anadan olmasının 92-ci ildönümünə həsr edilən rəsm müsabiqəsində qalib gələn məktəblilərə fəxri fərmanlar verilib.
Daha sonra dahi rəhbərin zəngin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.