“Müsəlman torpağında yəhudi əsgəri”

“Müsəlman torpağında yəhudi əsgəri”
08:41 12 May 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

İsrailin ABŞ-da populyar olan “The Times of Israel” qəzetində amerikalı ravvin İsrail Barukun “Müsəlman torpağında yəhudi əsgəri” (A Jewish Warrior in a Muslim Land) sərlövhəli məqaləsi dərc edilib. Məqalə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunub.

Müəllif Qubadakı Qırmızı qəsəbədən paytaxt Bakıya köçən, burada 10 övlad böyüdən Aqarunovlar ailəsindən bəhs edərək Albertin mühəndis ixtisası üzrə təhsil aldığını bildirib. Ağıllı, cəsur insan, yaxşı dost kimi tanınan Albert Aqarunov yaşasaydı, keçən ay - aprelin 25-də 46 yaşını tamamlayacaqdı.

Qeyd olunub ki, Azərbaycanın orta məktəblərindən birində Albert Aqarunovun büstü qoyulub. Başqa ölkələrdə çox adam Albert Aqarunov haqqında məlumatsız olsa da, o, Azərbaycanda göstərdiyi qəhrəmanlığı, rəşadəti ilə şöhrət qazanıb. Albert 1992-ci ildə 23 yaşında qəhrəmancasına həlak olub.

İ.Baruk yazır ki, tankçı Albert Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Şuşa şəhərinin müdafiəsi üçün fədakarlıq göstərib. Onun cəsarətindən, peşəkar hərbi səriştəsindən və yəhudi əsilli olmasından qəzəblənən erməni işğalçıları Albertin öldürülməsi üçün 5 milyon rubl mükafat vəd ediblər. Albert və Azərbaycanın digər yəhudi əsgərləri erməni təcavüzünə, etnik təmizləmə siyasətinə və ölkə ərazisinin 20 faizinin işğal olunmasına qarşı cəsarətlə vuruşublar. Müəllif vurğulayır ki, Albertin və onun kimi digər yəhudilərin İsrailə və ya Qərb ölkələrinə gedə bilmək imkanlarının olmasına baxmayaraq, onlar Vətəni qorumaq üçün qalıblar.

Məqalədə bildirilir ki, cəsur Albert Aqarunov bir alaydan olan yaralı yoldaşlarını xilas etmək üçün həyatını təhlükədə qoyaraq tankdan çıxıb və erməni snayperinin gülləsinə tuş gəlib. Onun həyat yolu və qəhrəmanlığı müsəlman ölkələrində yaşayan yəhudilər arasında xüsusilə əks-səda doğurub. O, dinlərarası harmoniyanın çoxəsrlik ənənəsinə malik Azərbaycanda anadan olub və böyüyüb.

Sonda İ.Baruk yazır ki, Albert Aqarunov Vətəni Azərbaycan uğrunda döyüşüb. Çünki Azərbaycan da minilliklər boyu yəhudi xalqını müdafiə edib.
Mənbə
AzərTac



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=343861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR