Bakı, 12 may, AZƏRTAC
Əlilliyi olan şəxslərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən görülən işlər davam etdirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əlilliyi olan daha 30 nəfər şəxsin Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərilməsi təmin edilib. Əlilliyi olan şəxslərin Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınması zamanı ƏƏSMN-nin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplara diqqət və qayğısının əlilliyi olan şəxslərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işlərinin gücləndirilməsinə də şərait yaratdığını vurğulayıb. O qeyd edib ki, bunun əməli təsdiqi kimi 190 nəfər belə şəxsin Türkiyəyə bərpa-müalicəsinə göndərilməsi nəzərdə tutulur. Onların 115 nəfərini əlilliyi olan şəxslər, 75 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Bu il aprel ayının əvvəlindən biri 28 nəfər, digəri 29 nəfər əlil şəxslərdən ibarət iki qrup Türkiyədə 20 günlük bərpa-müalicə kursu keçib. Hazırda göndərilən 30 nəfər də daxil olmaqla, artıq 87 nəfərin qardaş ölkəyə bərpa-müalicəsinə göndərilməsi təmin olunub. Gələn ay isə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın Türkiyəyə göndərilməsinə başlanılacaq.
S.Abdullayev həmin şəxslərin mərkəzdə müvafiq xidmətlərlə təmin olunmasına nəzarət etmək, eləcə də mərkəzin reabilitasiya təcrübəsini öyrənmək üçün ƏƏSMN-nin bir nəfər həkim əməkdaşının da Türkiyəyə ezam olunduğunu bildirib. Qeyd olunub ki, Türkiyənin Dənizli bölgəsi zəngin müalicəvi təbii potensialı (təbii palçıq sahələri, mineral bulaqları, şəfalı suyu və s.) ilə tanınır. Nobel Tibb Mərkəzində peşəkar həkim-reabilitoloqlar tərəfindən həmin təbii müalicəvi resurslardan istifadə olunmaqla hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə aparılan səmərəli bərpa-müalicə prosedurları əlilliyi olan şəxslərin sağlamlığına müsbət təsir göstərir. Mərkəzdə bərpa-müalicə kursunu başa vuraraq geri dönən əlilliyi olan şəxslər də oradakı müalicələrdən, göstərilən xidmətlərdən razılıqlarını bildirirlər.
Şöbə müdiri ölkə daxilində də əlilliyi olan şəxslərin bərpa-müalicəsi istiqamətində məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb. Təkcə cari ilin birinci rübü ərzində ƏƏSMN-nin bərpa müəssisələrində 1227 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa bərpa müalicə xidməti göstərilib. Eyni zamanda, bu təbəqədən olan şəxslər həmin dövrdə 6354 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. Hazırda nazirliyin əksər bərpa müalicə müəssisələrində əsaslı təmir işləri aparılır. Təmir işlərindən sonra həmin müəssisələrin müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchizatı da həyata keçiriləcək. Mütərəqqi təcrübə əsasında onlarda sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün lazımi şərait də yaradılacaq.