"İlk növbədə futbolçularımı təbrik edirəm. Hesabdan çox oyun maraqlı idi. Futbolçular bunu bacardılar. Lakin hesab bizi aldatmamalıdır. "Düdelanj"ın APOEL üzərində layiqli qələbə qazandığını düşünürəm. İkinci hissədə bəzi səhvlərimiz oldu. Bununla belə, qələbə qazandıq və bu münasibətlə futbolçularımızı və komandamıza dəstək olan bütün azarkeşləi təbrik edirəm".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj"a 4:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra mətbuat konfransında deyib.
Qırx yeddi yaşlı mütəxəssis ilk yarıda baş vermiş erməni təxribatı ilə bağlı da danışıb. O bildirib ki, idmanda belə halların tərəfdarı deyil: "Bir dəfə də belə hal baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Həmişə belə vəziyyətlərdə insanlıq nümayiş etdirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram. Oyun dayandıqda da çalışdıq ki, təmkin nümayiş etdirək. Futbolçuları sakitləşdirdik".