“İnanmıram ki, nə vaxtsa İsveç millisini seçərəm” - Ayxan

“İnanmıram ki, nə vaxtsa İsveç millisini seçərəm” - Ayxan
11:37 13 Oktyabr 2019
117 İdman
Ölkə mətbuatı
A- A+

İsveçin "Göteborq" klubunun azərbaycanlı futbolçusu Ayxan Cabbarov sportlife.az saytına müsahibə verib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, həmin müsahibəni təqdim edir:

- Ayxan, əvvəlcə özün haqda məlumat verərdin. Harda doğulmusan, futbola gəlişin necə baş tutub?

- Azərbaycanda doğulmuşam. Futbola 5 yaşımdan başlamışam. İlk komandam "Qalatasaray" akademiyası olub. Daha sonra "Neftçi" və "Bakı" klublarının aşağı yaş komandalarında oynamışam. 9 yaşım olarkən ailəmlə birgə İsveçə köçməli olduq. 7 ildir ki, burda yaşayırıq. İlk komandam Birinci Divizion təmsilçisi olan "Savedalens İF" olub. Əvvəlcə öz yaşıdlarımla, sonra isə 19 yaşlılardan ibarət komandada çıxış etdim. Oyunlara əsas heyətdə çıxırdım. Daha sonra məni A komandaya cəlb etdilər. Əsas komandada cəmi 2 oyunda meydana çıxdım. Sonra "Göteborq"un futbol məktəbində oxumaq qərarına gəldim. Burda həm müxtəlif dərslər keçir, həm də futbolun sirlərini öyrədirlər. Düzdü, bəlkə orda qalsaydım, indi "Savedalens"də əsas heyətində möhkəmlənmişdim. Amma "Göteborq" daha köklü və böyük klub olduğuna görə karyeramı burda davam etdirmək istədim. Bu klubda güclü rəqabət var və çox güclü gənc futbolçular oynayırlar. Düşünürəm ki, mən bu klubda daha da çox inkişaf edə bilərəm. Atamla da məsləhətləşdim və o da qərarıma hörmətlə yanaşdığını söylədi.

- Hazırda "Göteborq"un hansı komandasında oynayırsan?

- Burda əvvəl öz yaşıdlarımla oynayırdım. Qısa müddət sonra 17 yaşlıların, daha sonra isə 19 yaşlıların komandasına dəvət aldım. Oyunlarımı 17 yaşlılar komandasında keçirsəm də, 5 aydır ki, 19 yaşlılarla məşq edirəm. U-19-un heyətində bir neçə oyuna da çıxmışam. Hazırda 4-cü yerdəyik, amma 1 oyun az oynamışıq. Yəni İsveç çempionu olmaq üçün şanslarımız çoxdu. Çempion olan komanda Çempionlar Liqasına vəsiqə qazanır. Məqsədimiz çempion olmaq və bu turnirdə iştirak etməkdi.

- Hansı mövqedə çıxış edirsən?

- Hücumçuyam. Əsasən sol cinahda oynayıram.

- Hücumçusansa, əsas işin qol vurmaq olmalıdı. Neçə qol vurmusan bu mövsüm?

- 26 oyunda meydana çıxmışam. 17 qol və 11 asist eləmişəm.

- Azərbaycan millisinə çağırılırsan?

- 2 ildir ki, millinin üzvüyəm, amma 5 aydır ki, çağırmırlar.

- Səbəb nədi?

- Səbəbini bilmirəm. Arzu edirəm ki, yenidən çağırarlar. Milli ilə bir çox turnirlərdə iştirak etmişəm.

- Dedin ki, Azərbaycan millisinin üzvüsən. Səni necə tapmışdılar millinin məşqçiləri?

- Bu, 2 il bundan öncə baş verib. AFFA-dan mənimlə maraqlandılar və Azərbaycana dəvət etdilər. 15 yaşım var idi, seleksiya məşqlərində məni bəyəndilər və 16 yaşlılardan ibarət milli komandaya dəvət etdilər. Ümumiyyətlə, istəyərdim ki, xaricdə yaşayan futbolçularla daha çox maraqlansınlar. Bunu tək özüm üçün demirəm. Düşünürəm ki, xaricdə yaşayan hər bir azərbaycanlı futbolçu istəyər ki, öz milli komandasında oynasın və onunla öz vətənində maraqlansınlar. Çünki burda müxtəlif ölkələrdən olan futbolçular var və onlar da öz milli komandalarının üzvləridi. Məsələn, burda Xorvatiya, Fransa, Bosniya və Hersoqovina millilərinin üzvləri oynayırlar. Onlarla öz ölkələrinin milli komandalarının nümayəndələri mütəmadi olaraq əlaqə saxlayır, maraqlanırlar. Mən də çox istəyərdim ki, bizdə də elə olsun, daha çox maraqlansınlar.

- Azərbaycan çempionatının oyunlarını, Azərbaycan futbolunu izləyirsən?

- Bəli. "Qarabağ"ın bütün oyunlarını izləyirəm. Həm çempionatda, həm də Avropa Liqasında keçirdiyi oyunlarına baxıram. "Səbail" və "Qəbələ"nin oyunlarına da baxıram. Amma "Qarabağ"ın oyunları daha maraqlı gəlir mənə. Hətta "Qarabağ"ın Avropada keçirdiyi oyunlarını da izləməyə gedirik atamla. Məsələn, "Kopenhagen" və "Atletiko" ilə oyunları stadiondan canlı izləmişik.

- Azərbaycan klublarından səninlə maraqlanan olmayıb?

- Xeyr. Belə maraqlanan olmayıb. Amma təklif olsa da, inanmıram Azərbaycanda gəlib oynayaram. Çünki daha yüksək səviyyəli çempionatlarda çıxış etmək istəyirəm. Düzünü desəm, mən "Qarabağ"dan başqa Avropa səviyyəli komanda görmürəm Azərbaycanda. İstəyərəm ki, azərbaycanlı futbolçu kimi Avropanın məşhur klublarında çıxış edim.

- Məsələn, hansı çempionatlarda oynamaq istəyərdin?

- İngiltərə və İspaniya çempionatlarında oynamaq istəyirəm. Hədəfim bu liqalarda çıxış edən klubların heyətində çıxış etməkdi. Ən sevdiyim liqa İngiltərə Premyer Liqasıdı. Orda nəyi xoşlayıram? Bu liqada oyunçuların yüksək texnikaya malik olması, oyunların yüksək templi keçməsi İsveç Liqasına çox oxşayır. "Tottenhem"in düşərgəsində olanda da bunu gördüm. Yəni bu liqa mən istədiyim kimidi və ümid edirəm ki, mən bu liqada oynayaram.

- Ən çox bəyəndiyin komanda hansıdı?

- Ən çox bəyəndiyim komanda "Mançester Siti"di. Bu komandada oynamaq mənim arzumdu. "Barselona"nın da oyununu da bəyənirəm. Çox komandalar var. Ümid edirəm ki, öz oyunumla belə komandaların diqqətini cəlb edərəm.

- Klub karyeranla bağlı nə düşünürsən? "Göteborq"dakı perspektivini necə görürsən?

- Burdakı perspektivimi çox yaxşı görürəm. Ona görə ki, burda hər bir futbolçuya xüsusi yanaşma var. İstedadı olan futbolçu asanlıqla əsas komandaya qədər irəliləyə bilər. Ona hər cür kömək və şərait yaradırlar. Məsələn, "Tottenhem"in mənimlə maraqlanmasını böyük sevinclə qarşıladılar və ora yollanmağım üçün əllərindən gələni etdilər. Burda qısa zamanda 16 yaşlılardan 17-lərə və 17-lərdən 19-lara qalxa bilmişəm. Sağ olsunlar ki, mənə inanırlar və şans yaradırlar. Mən də qazandığım şansları dəyərləndirirəm. Həm də burdan məşhur klublara transfer olunmaq perspektivi də yüksəkdi. Burda keçirilən oyunlara müxtəlif ölkələrdən olan menecerlər gəlir və futbolçuları izləyirlər. Necə ki, "Tottenhem"in menecerləri məni gördülər və dəvət etdilər. Yəqin ki, bir neçə il burda oynayacam. Çalışacam ki, A komandaya qədər qalxım. Bunu özüm üçün ilkin hədəf qoymuşam.

- Yeri gəlmişkən, "Tottenhem" məsələsinə də aydınlıq gətirərdin. Necə oldu, səni necə görüb bəyəndilər?

- Bu komandanın skautları dünyanın müxtəlif ölkələrinin köklü klublarının bazalarına baş çəkirlər. Orda müxtəlif yaş qruplarının komandalarının oyunlarını izləyib seçdiyi futbolçuları İngiltərəyə yoxlanışa dəvət edirlər. Klubdan mənə dedilər ki, səni də dəvət ediblər. Məndən başqa, bir qapıçı da dəvət edilmişdi "Göteborq"dan. Gedib 3 günlük təlim-məşqlərdə iştirak etdik. Məşqlər yaxşı keçdi. Müxtəlif ölkələrdən seçilən futbolçular var idi orda. Bizə dedilər ki, hələ ki, seçimlər davam edir, son nəticə barədə sizə məlumat verəcəyik. Gözləyirik.

- Bəzi futbolçular yaşadıqları xarici ölkələrin klublarında oynadıqlarına görə elə həmin ölkələrin milli komandalarını seçirlər. İsveç millisindən təklif alsan, Azərbaycan millisindən imtina eləməzsən?

- Mən xaricdə oynasam da, heç vaxt Azərbaycan millisinə "yox" demərəm. Çünki mən azərbaycanlıyam və vətənim Azərbaycandı. Mən öz vətənimi sevirəm. Vətən, milli komandam adına hər şey edərəm. Millinin formasını geyinmək mənim üçün qururverici bir şeydi. İnanmıram ki, nə vaxtsa İsveç millisini seçərəm. Öz millətimi, öz ölkəmi çox sevirəm. Azərbaycanı hər şeydən üstün tuturam. Hal-hazırda bu düşüncədəyəm. İnanmıram ki, nə vaxtsa Azərbaycan millisindən imtina edim. Bu barədə düşünməmişəm və yəqin ki, düşünməyəcəm də.

- İsveçdə başqa komandalarda oynayan azərbaycanlı futbolçular var?

- Bəli, belə futbolçular var. Ancaq o qədər də çox deyil. Həm də, onlar 3-cü və 4-cü divizion komandalarında oynayırlar.

- "Göteborq"un əsas komandasında nə vaxt görə bilərik səni?

- Bayaq da dediyim kimi, bir neçə il burda qalmağı düşünürəm. Çalışacam ki, A komandada oynayım. Təcrübə toplayım. İnanıram ki, yaxın 2-3 il ərzində buna nail olaram.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/793863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR