Bakı, 14 may, AZƏRTAC
Məhkəmə-Hüquq Şurasının yenilənmiş tərkibdə ilk iclası keçirilib.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda bir sıra təşkilati məsələlərə baxılıb, yeni Şura üzvü təyin edilən şəxslərə xidməti vəsiqələr təqdim olunub.
İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli islahatların Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, dövlətimizin sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların, həyata keçirilən möhtəşəm layihələrin yüksək qürur hissi yaratdığını bildirib. F.Məmmədov dövlətimizin başçısının məhkəmə sisteminin müasirləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə əldə edilmiş nailiyyətləri vurğulayıb, o cümlədən Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi 10 il ərzində məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin və tədrisinin təşkili, onların fəaliyyətinin prinsipial qiymətləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması istiqamətində görülən ardıcıl tədbirlərdən bəhs edib.
Məhkəmə-Hüquq Şurasının müasir informasiya və kommunikasiya vasitələri ilə təchiz edilmiş yeni konfrans zalında keçirilən tədbirdə Şuranın 10 illiyinin qeyd edilməsi ilə bağlı məsələlərə baxılıb, ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sisteminin yaradılmasında roluna həsr olunmuş Muzeyin təsis edilməsi xüsusi vurğulanıb. Habelə yerli məhkəmələrlə video konfrans üsulu ilə canlı əlaqə yaradılıb və onlar müzakirələrə cəlb olunublar.
Həmçinin iclasda Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əlaqədar Komitənin formalaşdırılması üçün yuxarı məhkəmələr, prokurorluq və vəkillər kollegiyası tərəfindən irəli sürülən və digər namizədlər müzakirə olunaraq onların sırasından yeni üzvlər seçilib.
İclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərova, həmin məhkəmənin hakimi Ramil Həsənova, Gəncə Ağır Cinayət Məhkəməsinin hakimi Mübariz Məmmədova töhmət verilib, 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakimi İntizar Bayramovaya və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Elnur Nuriyevə irad tutulub, habelə bir hakim barədə intizam icraatı başlanılıb.