Tokio, 15 may, AZƏRTAC.
Yaponiyanın Baş naziri Şinzo Abe və onun rəhbərlik etdiyi hökumət milli təhlükəsizliklə bağlı qanunvericiliyə yenidən baxılması üçün iki qanun layihəsini bəyənəməyə hazırdır. Həmin dəyişikliklərə əsasən, ölkə kollektiv özünümüdafiə hüququndan istifadə edə biləcək.
Mayın 14-də Baş nazirin rəhbərliyi ilə həmin qanun layihələrinin müzakirə olunacağı xüsusi iclas keçiriləcək.
Axşam isə Baş nazirin mətbuat konfransı keçirəcəyi və parlamentin cari sessiyasında qanunvericiliyə dəyişikliklə bağlı atılacaq addımları əsaslandıracağı gözlənilir.
Qanun layihələrindən birinin məqsədi dünyada sülhün qorunması, digəri isə sülhün və təhlükəsizliyin müdafiəsi üçün qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur.
Bu qanun layihələri kollektiv təhlükəsizliklə bağlı ölkənin özünümüdafiə qüvvələrini səfərbər etməyə imkan yaradacaq.
Yaponiya ilə sıx əlaqədə olan ölkələrə silahlı hücum baş verdiyi, ölkənin mövcudluğu üçün təhlükə yarandığı və vətəndaşların hüquqları ciddi şəkildə pozulduğu halda həmin qanun tətbiq ediləcək.
Qanun layihəsində tam aydınlığı ilə qeyd edilir ki, Yaponiya sülhün mövcudluğuna və ölkənin təhlükəsizliyinə ciddi təhlükə yarandığı halda ABŞ-ın və digər ölkələrin silahlı qüvvələrinə loqistik yardım göstərərkən heç bir coğrafi məhdudiyyət nəzərə alınmayacaq.
Dəyişiklik Yer üzündə sülhün və sabitliyin qorunması üçün xarici silahlı qüvvələrə loqistik yardımları da nəzərdə tutur.
Yeni qanun Yaponiya tərəfindən belə yardımların göstərilməsinin daimiliyinə də əsas verəcək. Buna qədər Yaponiya hər dəfə belə vəziyyətlərdə xüsusi qanun qəbul etmək məcburiyyətində qalırdı.
Qanunvericilik heç bir əlahiddə hal nəzərə alınmadan özünümdafiə qüvvələrinin xaricə göndərilməsindən əvvəl bunun parlament tərəfindən bəyənilməsini nəzərdə tutur. Parlamentin həm yuxarı, həm də aşağı palatası Baş nazir tərəfindən sorğu göndərildikdən sonra bir həftə ərzində məsələyə münasibət bildirməlidir.
Qanun layəhələrində birbaşa hərbi müdaxilənin baş vermədiyi “boz zonalar” barədə də bənd əksini tapıb. Belə ki, qanunvericiliyə əsasən belə vəziyyət yarandığı halda özünümüdafiə qüvvələri Yaponiyanın təhlükəsizliyini təmin edən ABŞ və ya digər ölkələrin silahlı qüvvələrini qorumaq üçün atəş aça bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio