Yüz minlərlə insana mane olan mitinq şıltaqlığı və siyasi iflas

Yüz minlərlə insana mane olan mitinq şıltaqlığı və siyasi iflas
19:18 19 Oktyabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

“Bakı Metropoliteni”nin 28 May stansiyası fəaliyyətini müvəqqəti dayandırmağa, Bakı Nəqliyyat Agentliyi 14 marşrut istiqamətini dəyişdirməyə, yüz minlərlə insan yolda qalmağa məcbur oldu. Bütün bunlar Əli Kərimlinin siyasi şıltaqlığının nəticəsi idi və Bakı sakinləri 90-cı illərdən qalma, sivil siyasi mübarizədən kənar bu şıltaqlığın əziyyətini yetərincə çəkdi.

Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq tələbinə müsbət cavab vermiş və Lökbatan qəsəbəsində müvafiq yer ayırmışdı. Əli Kərimli isə qanunu pozduqlarını, vətəndaşlara narahatlığın yaranacağını bilə-bilə 28 May metrostansiyasının önündə aksiya keçirməkdə israr etdi. Və budur, 100-150 nəfərdən ibarət aksiya iştirakçıları 10-15 nəfərlik qrup halında müxtəlif istiqamətlərdə qaçışır, qışqırır, onları küçəyə çıxaran Əli Kərimli isə gözə dəymir. AXCP sədri iddia edirdi ki, ona mitinqə gəlməyə imkan vermirlər, hərçənd, bir neçə nəfərlə birlikdə küçədə siyasi şəbih çıxara bildi.

Əslində bütün bunların məqsədi də siyasi şounu yaratmaq idi. Əli Kərimli bilirdi ki, Lökbatanda dinc aksiya sıfır elektorata malik olduqlarının ifşası olacaqdı. Mərkəzi küçədə, insanların intensiv istifadə etdiyi nəqliyyat qovşaqlarının birləşdiyi yerdə aksiyaya cəhd etmək və qarşıdurma yaratmaq onlar üçün yaxşı “reklam” deməkdir. Əli Kərimli bəlkə də özünə lazım olan şounu yarada bildi, lakin aksiya adlandırdıqları, 90-cı illərin kiflənmiş təfəkkürü ilə Azərbaycanı yenə keçmiş qaranlığa qaytarmaq istədikləri bu qarşıdurma yaratmaq cəhdi sübut etdi ki, onlar nə bu xalqa, nə də qanunlara hörmət etmir. Onlar üçün hakimiyyətə edən bütün yollar mübahdır, hətta yüz minlərlə vətəndaşın yolda qalması belə...

Paytaxt küçələrini xarabalığa çevirib və xarabalıq üzərindən hakimiyyətə gəlməyə hesablanmış aksiya sübut etdi ki:

- Bu qüvvələr Azərbaycanı qaranlığa qaytarmaq niyyətindədirlər;
- Nə qanun, nə vətəndaşların təhlükəsizliyi, nə dövlət, nə millət - onlar üçün heç bir dəyər yoxdur;
- Siyasi ambisiyaları uğruna hər şeyə hazırdırlar, hətta küçələrin qan gölünə çevrilməsinə belə;

Bu aksiya sübut etdi ki:

- Azərbaycan xalqı bu qüvvələri çoxdan unudub və onların çıxardıqları siyasi şəbihə sadəcə gülür;
- Azərbaycan cəmiyyəti yalnız xarabalıq vəd edən bu qruplara dəstək vermir;
- Onların iddia etdikləri “dəyişikliyi” xalq istəmir və ictimai rəyə sırımaq istədikləri bütün iddialara özlərindən başqa heç kim qulaq asmır;

Bu aksiya təsdiqlədi ki;

- Azərbaycanda mövcud hakimiyyət xalqın seçimidir və xalq öz seçiminin yanındadır;

Aksiya bir məsələni yenidən aktuallaşdırdı:

- Sivil mübarizədən xəbəri olmayan, dağıdıcı, cəmiyyətə xaos və qarşıdurmadan başqa heç nə verməyən bu qüvvələrin siyasi arenadan getməyinin zamanıdır;
- Onların siyasi arenanı tərk etməsi ölkədə edən yenilənmə prosesinin davamı olaraq, ictimai sifarişdir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/293553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR