"Beynəlxalq Yaşıl Həftə-2015" sərgisində Azərbaycanı 20-yə yaxın şirkət təmsil edir

18:03 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə - 2015" ("International Green Week – 2015") sərgisi öz işinə başlayıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, Azərbaycan artıq 8-ci dəfə bu sərgidə iştirak edir. Sərginin Azərbaycana aid pavilyonunda ölkəmizin Almaniya Federativ Respublikasındakı səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Tədbirdə 20-dək Azərbaycan şirkəti iştirak edir.
Yanvarın 25-dək davam edəcək sərgi çərçivəsində iştirakçılara ölkəmizin investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı məlumat veriləcək. Sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər də paylanacaq.
Avropanın ən iri sərgilərindən biri hesab olunan "Beynəlxalq Yaşıl Həftə" 1926-cı ildən etibarən təşkil edilir. Hər il dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox müəssisənin və 5000-dək media nümayəndəsinin iştirak etdiyi sərgi yarım milyona yaxın insan tərəfindən ziyarət olunur.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR