"Bəzən yeməyə pulum olmurdu, acqarına döyüşlərə çıxırdım" - FOTO

"Bəzən yeməyə pulum olmurdu, acqarına döyüşlərə çıxırdım" - FOTO
08:52 10 Noyabr 2019
170 İdman
Ölkə mətbuatı
A- A+

İsvahan Əliyev: Həm döyüşmək, həm də məşqçilik etmək çətindir, amma öhdəsindən gəlməyə çalışıram

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, idmana başladıqdan sonra qısa müddətdə nəticə gözləmək doğru yanaşma deyil. Uduzmaqla isə, həvəsdən düşmək olmaz, əksinə, insan uduzduqca səhvlərini görməli, üzərində işləməlidir ki, bu da nəticəsini versin. "Uduzmaqla həvəsdən düşən adam idmançı olaz bilməz" deyən müsahibimiz Gürcüstan azərbaycanlıları içərisində kikboksinq üzrə ilk rəsmi peşəkar Avropa kəmərinin sahibi, Qardabani rayonunun kikboksinq üzrə baş məşqçisi İsvahan Əliyevdir.
 
- İsvahan bəy, oğlanların bir çoxunda idmana maraq döyüş filmlərini izlədikdən sonra yaranır. Bəs sizdə necə olub?

- Məni də həmin oğlanların sırasına aid etmək olar. Uşaq vaxtı izlədiyim döyüş filmləri məndə idmana maraq yaradıb. Eyni zamanda, atam da idmançı olmağımı çox istəyirdi. Atam Rusiyada polis işləyirdi, həm də uzun müddət döyüş sambosu ilə məşğul olub. İdmana yönəlməyimdə onun da istiqamətləndirməsi, dəstəyi olub.

- Bəs idman, döyüş yarışları filmlərdəki kimi maraqlı prosesdir?

- Əslində, idmandakı o proseslər də filmlərdəki kimidir. Sadəcə olaraq yarışda iştirak edəndə, filmdəki kimi hər anı tuta bilmirik. Ekran işi ərsəyə gətirənlər artıq hər nüansa fikir verirlər. Filmlərdəkinə yaxın hisslər yaşadığımızı deyə bilərəm.

- İdman karyeranıza Gürcüstanda başlasanız da, Azərbaycanda da fəaliyyətiniz olub. Gəlməyiniz necə oldu? Getməyinizin səbəbi nə idi?

- Mən 2005-2006-cı illərdə idmana başlamışam. 2008 və 2009-cu illərdə 60 kq çəki dərəcəsində böyüklər arasında keçirilən uşu-sanda döyüş növü üzrə yarışda Gürcüstan çempionu oldum. Sonra hərbi xidmətə getdim. Əsgərlikdə olan ərəfədə yarış oldu, mən də ora qatıldım. O yarışda Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının prezidenti Rafiq Əliyevlə tanış olduq və o mənə vizitkart verdi, "əsgərliyini bitir, Azərbaycana gəl, orda məşq elə" dedi. 2010-cu ilin noyabrında hərbi xidməti başa vurdum, 2011-ci ilin fevralında Azərbaycana gəldim. Karyeramın 5 ili Azərbaycanda oldu. 2015-ci ilə qədər bir çox döyüş növlərindən çempion oldum. 2013-cü ildə Wof Dünya Döyüş Növləri Federasiyasının Masallı rayonunda təşkil etdiyi dünya kubokunda çempion oldum. Ondan əlavə, kikboksinq üzrə Azərbaycandakı məşqçim Samir Həsənov məni bir çox döyüşlərə çıxarırdı və qalib gəlirdim. Sadəcə, vətəndaşlığım olmadığı üçün çox qabağa gedə bilmədim və bir gün ölkəmizə qayıtmaq qərarı verdim. Bunun daha yaxşı olacağını düşündüm. Çünki kəndimizdə narkomaniyaya meyl edən gənclərin sayı artırdı və fikirləşdim ki, gəncləri sağlam həyata təşviq etmək üçün kəndimizdə məşqçi kimi işləyim. 2015-ci ildə gəncləri öz evimə dəvət edərək, məşqlərə başladım.

- Nəticə necə oldu, hansı nailiyyətlər var?

- İşə başladığım il uşaqlar Gürcüstan çempionatından 5 ədəd birincilik gətirdilər. Üstəlik, mən özüm də peşəkar döyüşçü kimi yarışlara qatılıb, nailiyyətlər əldə edirdim. Bu kimi işlər kənddəki digər adamları da həvəsə gətirdi, uşaqlarını idmana yönəltməkdə maraqlı olurdular. 2016-cı ildən ölkə xaricində döyüşlərə qatıldıq. 2018-ci ildə klubum Gürcüstan komandaları arasında nailiyyətlərinə görə birinciliyə layiq görüldü. 12 döyüşçüdən 8 çempion, 3 finalçı, 1 üçüncülük əldə etdik. Gürcüstanın 1 nömrəli klubu seçildik.

Mənə böyük dəstək olan ailəvi dostum, dünya döyüş növlərinin Gürcüstan nümayəndəsi Tofiq Əkbərov qardaşıma və bütün gənclərin yanında olan Qardabani Mojatvar deputatı Savalan Mirzoyevə dərin təşəkkürümü bildirirəm. Məqsədimiz böyük bir təşkilat qurub, xalqımızın istedadlı idmançılarından ibarət yığma komanda yaratmaqdır.

Mənim məqsədim Gürcüstan vətəndaşı olaraq Azərbaycan xalqının hansı gücə qadir olduğunu, necə qəhrəmanlar yetişdirdiyini bu dövlətə sübut etməkdir. Eyni zamanda, bu ölkənin bayrağını zirvələrdə dalğalandırmaq istəyirəm.

- Özünüzün idmançı kimi hansı nailiyyətləriniz var?

- Mənim peşəkarlar arasında 16 döyüşdə 12 qalibiyyətim var. 3 peşəkar rəsmi kəmərin sahibiyəm. 2018-ci ildəki Avropa çempionatında ard-arda qalibiyyətlər əldə etdik. 2019-cu ilin 18-20 oktyabr tarixlərində Almaniyada dünya çempionatına 6 tələbəmlə birlikdə qatıldıq. K1 versiyası üzrə özüm 3-cü oldum. Müəyyən zədələrə görə yarımfinalda uduzdum. 3 tələbəm dünya çempionu oldu. 1 tələbəm 2-cilik əldə etdi. Gürcüstan azərbaycanlıları tarixində belə böyük nəticə olmamışdı. Qarşıda məni böyük peşəkar döyüşlər gözləyir, artıq "A class"a yüksəlmişəm.

- Nailiyyətlərinizdən danışanda, bir neçə idman növünün adını çəkdiniz. Maraqlıdır, burda sahə dəyişikliyi etmisiniz? 

- Bəli, mən demək olar ki, bir çox döyüş növlərində döyüşmüşəm. Karate, aykido, kikboksinq, uşu-sanda, qaydasız döyüş və s. Digər idman növlərindəki yarışlara sadəcə təcrübəmi artırmaq üçün çıxırdım. Çünki məqsədim döyüş növlərini öyrənmək idi. Ancaq kikboksinq və taiboksinq mənim üçün daha maraqlıdır və sonda bu sahələrdə dayanmışam. Döyüşdə olduğumu bu idman növlərində hiss edirəm. Həm də bilirəm ki, bunları daha yaxşı bacarıram, burda nailiyyət əldə etmək imkanım daha çoxdur. Hazırda həm döyüşürəm, həm də məşqçilik edirəm.

- İdmançılar məşqçiliyə adətən karyeralarının sonuna yaxın yönəlirlər. Sizin gənc yaşda məşqçiliyə başlamağınızın səbəbi nədir?

- Mən hələ Azərbaycanda olanda məşqçi köməkçisi işləməyə başlamışdım. 2 il də məşqçilik etdim, öz tələbələrim oldu. Sonra Gürcüstana qayıtdım, burda gənclərə sağlam həyat tərzini təbliğ etmək üçün özüm məşq edə-edə həm də məşqçilik etmək qərarı verdim. Sonra elə oldu ki, bu məşqlər nəticəsini verdi, nailiyyələr oldu və rəsmi məşqçi olaraq qeydiyyatdan keçdim, 2018-ci ildə baş məşqçi seçildim. Həm döyüşmək, həm də məşqçilik etmək çətindir, amma öhdəsindən gəlməyə çalışıram.

- Müəllimlər özlərinin üzləşdikləri bəzi çətinliklərlə tələbələrinin qarşılaşmamasını istəyirlər. Elə çətinlikləriniz olubmu?

- Azərbaycanda məşq edəndə, maliyyə cəhətdən vəziyyətim elə də yaxşı deyildi. Bəzən yeməyə pulum olmurdu, acqarına döyüşlərə çıxırdım. Arxam, dayağım yox idi. Təsəvvür edin, döyüş sənətini öyrənmək üçün zalı silmişəm ki, məşqçi mənə bir şeylər öyrətsin. Zamanla bir çox döyüş növlərinin sirlərini öyrəndim. 5 il fəhləlikdən pul qazanıb məşq etmişəm. Mən o işləri ayıb hesab etmirdim, çünki öyrənirdim. Özüm çox çətinliklə üzləşmişəm, amma indi idmançıların onları görməsini istəmirəm.

- Tələbələriniz də yarışa çıxır, özünüz də. Bu zaman keçirdiyiniz hisslər arasında fərq olurmu?

- Tələbələrimin də qalibiyyəti mənim adımadır, öz qabiliyyətim də. Onların da nailiyyəti ölkə adınadır, mənim də. Həyəcan, təbii ki, hər ikisində olur. Özüm rinqdə olanda düşünürəm ki, filan nailiyyətim var, bu dəfə qazanıb daha çoxunu əldə etməliyəm. Tələbənin qalibiyyəti isə bağbanın əkdiyi ağacın meyvə verməsi kimidir. Əkdiyi ağac bəhrə verəndə bağban necə sevinirsə, məşqçi də elə.

- Bəzən həvəsdən düşüb idmandan uzaqlaşanlar da olur. Sizdə belə dönəmlər olubmu?

- Bəli, bəzən elə olub ki, idmana həvəsim ölüb. Amma yenə də öz üzərimdə daim məşq etmişəm. Azərbaycanda olanda 5-6 saat təkbaşına məşq edirdim. Bəzən gənclər bir il döyüşüb nailiyyət əldə edə bilməyəndə, həvəsdən düşürlər. Amma tam olaraq insan özünü sübut etməsə, heç nə əldə edə bilməz.

- Həvəsdən düşmələr nə vaxt olur?

- Hər bir idmançıda həvəsdən düşmə prosesi olur. Bəzi hallarda bir müddət maddi vəziyyətin pis olur, istədiyin forma və nəticəni ala bilmirsən, bu zaman həvəsdən düşmələr də ola bilir. Amma insan məqsədli olanda, o hallar tez keçir. Uduzduğuna görə həvəsdən düşən adam idmançı ola bilməz. İnsan uduzduqca, səhvlərini görüb daha çox çalışmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/799484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR