Xarici ekspert: "Azərbaycan vacib nəqliyyat və logistika habına çevrilir"

Xarici ekspert: "Azərbaycan vacib nəqliyyat və logistika habına çevrilir"
16:07 11 Noyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarından biridir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.
Bəs layihənin reallaşmasında Azərbaycanın rolu və onun ölkəmizə verəcəyi faydalar nədən ibarətdir?
Məsələni “Report” üçün şərh edən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Öyrənilməsi Mərkəzinin elmi əməkdaşı Stanislav Pritçinin fikrincə, Azərbaycan “Şimal-Cənub” layihəsinin reallaşdırılmasında mühüm rola malikdir:
“Bir məqamı qeyd etmək vacibdir ki, Azərbaycan Rusiya ilə İran arasında əlaqələndirici həlqə olub vacib tranzit rolu oynadığı üçün “Şimal-Cənub” layihəsinin reallaşdırılmasında mühüm rola malikdir. Ölkə hazırda iqtisadiyyatın diversifikasiyası çərçivəsində bütövlükdə nəqliyyat, ilk növbədə isə, tranzit marşrutlarının inkişafına əhəmiyyətli maliyyə vəsaitləri yönəldir. Bu isə, öz növbəsində, ölkənin mövcud tranzit imkanlarını realizə etməyə imkan verir”.
"O, təkcə öz nəqliyyat infrastrukturunu inkişaf etdirmir, Azərbaycan həm də Bakı-Tbilisi-Qars, Şimal-Cənub kimi meqa layihələrin inkişafına dəstək verir. Respublika bunu, sadəcə, öz ərazisinə düşən hissələrin aktiv tikintisi ilə deyil, digər ölkələrdə olan və onu əsas marşrutlar və nəqliyyat axınları ilə bağlayan infrastrukturun inkişafına maliyyə və mühəndis dəstəyi göstərməklə edir.
Layihənin Azərbaycan üçün siyasi dividentləri qonşularla əməkdaşlıq münasibətlərində əlavə gündəliyin mövcüdluğundan ibarətdir. İqtisadi baxımdan isə tranzit gücləri yeni iş yerləri və mənfəətin formalaşması üçün uzunmüddətli imkanların yaradılması deməkdir.
Biz artıq görürük ki, Azərbaycanın Xəzər bölgəsidə tədricən vacib nəqliyyat və logistika habına çevrilir. Belə ki, Çinin “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Orta Asiyada formalaşan layihələr bu və ya digər şəkildə Xəzər dəniz marşrutu ilə uzlaşaraq sonradan Azərbaycan ərazisində Bakı-Tbilisi-Qars infrastrukturuna bağlanır. Buna görə də bu gün üçün Azərbaycan Şərq-Qərb istiqaməti üzrə artıq bu sistemə inteqrasiya etməyə müvəffəq olub. Şimal-Cənub layihəsi üzrə işlər bitdikdə isə Azərbaycan artıq tam şəkildə nəqliyyat habı olacaq”, - ekspert vurğulayıb. 
Əsası 2000-ci ildə Rusiya, İran və Hindistan tərəfindən qoyulan "Şimal-Cənub" layihəsi daha sonra Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya, Bolqarıstan qoşulub.
Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb və dəhlizin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. “Azərbaycan Dəmir Yolları” QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə 15 milyon ton təşkil edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/xarici-ekspert-azerbaycan-vacib-neqliyyat-ve-logistika-habina-cevr

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR