Quba, 17 may, Elxan Yusifli, AZƏRTAC
Qubada təşkil olunan “Zəka oyunları” festivalının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, festival Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi (İB) tərəfindən “İntellektlə yüksələk, pis vərdişə yox deyək” adlı layihə çərçivəsində keçirilib.
Festivalın final mərhələsində seçim turlarının qalibləri olan Qəçrəş, Küpçal, Dağlı, Xucbala, Əlibəyqışlaq, Əliməmmədoba, Birinci Nügədi, Səbətlər, Alpan, Zərdabi, Alekseyevka kəndlərinin və Quba şəhərinin komandaları mübarizə aparıblar.
Yarışdan əvvəl Gənclər Fondunun əməkdaşı Afaq Nadirli çıxış edərək komandalara uğurlar arzulayıb. O bildirib ki, gənclər ideyalarını gerçəkləşdirmək üçün Fonda fərdi qaydada da müraciət edə bilərlər.
“Yurd” İB-nin sədri Ramin Mahmudov və Quba Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Mənsur Ağayev çıxışlarında bu tipli layihələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, reallaşdırılan layihənin əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən, onların zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində maarifləndirilməsindən, eyni zamanda, intellektual oyunlar vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi, coğrafiyası və adət-ənənələri barədə gənclərin məlumatlandırılmasından ibarətdir.
Bu ilin fevral-may aylarında reallaşdırılan layihə Quba rayonunun 12 yaşayış zonasında yaşayan və təqribən 50 məktəbdə təhsil alan 500-ə yaxın yeniyetmə və gənci əhatə edib.
“Nə? Harada? Nə zaman?” oyun formatında keçirilən yarışda Birinci Nügədi kəndinin “Müasir Azərbaycan Gəncləri” komandası hamıdan yaxşı nəticə göstərib. Əlibəyqışlaq kəndini təmsil edən “Uran” komandası ikinci, Zərdabi qəsəbəsinin “Zaman” kollektivi isə üçüncü yeri tutub.
“Zəka oyunları” festivalının qaliblərinə kubok, diplom və xüsusi medallarla yanaşı, müxtəlif kitablar da təqdim edilib.



