Tokio, 18 may, AZƏRTAC.
Hər il may ayının üçüncü bazar günü Tokionun məşhur Asakusa rayonunda keçirilən “Sanca Maçuri” festivalı yayın Yaponiya paytaxtına qədəm qoymasına həsr olunur.
Bu il mayın 17-də üç böyük müqəddəs rəmzin ətraf küçələrlə aparılmasını seyr etmək üçün əraziyə on minlərlə insan toplaşıb. Həmin rəmzlər Asakusada yerləşən böyük sintoist məbədindən götürülərək ətraf küçələri dolandırılıb və yenidən məbədə qaytarılıb. Rəmzlərin məbədə qaytarılması ilə yayın gəlişinə həsr olunan üçgünlük festival başa çatıb.
Bayram üçün hazırlanmış bəzəkli happi geyinmiş kişilər və qadınlar hər biri təqribən bir ton ağırlığında olan həmin müqəddəs rəmzləri çiyinlərində gəzdiriblər. Bu rəmzlərin küçələr boyunca gəzdiriləmsini seyr edən on minlərlə tamaşaçı isə onları alqışlayaraq şəkillərini çəkiblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio