Rafaellə Coşqunun məşhur müğənni ilə pul üstündə davaları düşdü - VİDEO

Rafaellə Coşqunun məşhur müğənni ilə pul üstündə davaları düşdü - VİDEO
10:13 6 Dekabr 2019
129 Şou
Ölkə mətbuatı
A- A+

"Bu Şəhərdə" komandasının çoxdan səbirsizliklə gözlənilən “Şabaş” filminin dünən premyerası keçirilib.

Publika.az xəbər verir ki, qala gecəsində Coşqun Rəhimov, Rafael İsgəndərov, Müşviq Abbasov, filmin yaradıcı heyəti, həmçinin Xalq artisti Faiq Ağayev, əməkdar incəsənət xadimi Nailə İslamzadə, müğənni Firuzə İbadova, aparıcı Saleh Bağırov, aktyor Elşən Orucov, aktrisa Nahidə Orucova və başqaları iştirak edib.

11 ildən sonra “Şabaş” adlı film ilə tamaşaçıların görüşünə gələn ulduzlar uzun illik fasilənin səbəblərini açıqlayıb. Zarafatlarından qalmayan Coşqun Rəhimovun sözlərinə görə, ekran işini 81 yaşdan aşağı bütün yaş qrupu izləyə bilər.

“Bu, bizim 11 ildən sonra üçüncü filmimizdir. Konsert və qastrol səfərlərindən dolayı film gecikirdi, ssenari çoxdan hazır idi. Əslində yaradıcılıq fabrik və müəssisə deyil. Filmi istədiyin vaxt çəkə və ya tamaşa qoya bilərsən. Hesab edirəm ki, tam vaxtında ərsəyə gəlib. Çalışmışıq hər kəs ailəlikcə gəlib filmi izləyə bilsin. Film komediya janrındadır, lakin bu o demək deyil ki, hər addımbaşı gülüş var. Söz oyunu mühüm rol oynayır, hadisə komediyasıdır, şəxsin başına gələn olaylardan danışılır. Filmi ssenaristin təxəyyülü adlandırmaq olmaz, hər sahədə belə bir vəziyyətə düşmək olar”.

Rafael İsgəndərov isə film çəkilişlərində yaşanan çətinliklərdən söz açıb:

“Çətinliklər və problemlər hədsiz çox oldu. Onlardan birincisi o idi ki, çəkilişlər Ramazan ayına təsadüf etmişdi, komanda heyətinin əksəriyyəti oruc tutmuşdu. İftarı və imsakı hamımız birlikdə edirdik. İşin gedişatı üçün böyük temp tələb olunurdu, biz oruc vəziyyətində öhdəsindən gələ bildik”.

Qadın obrazlarını canlandıran sənətçilər ünvanlarına deyilən tənqidlərə cavab verib:

“ “Bu şəhərdə” komandası 20 ildir fəaliyyət göstərir, başa düşməlidilər ki, hələlik bizim janrımız budur, bütün rollar iki aktyorun ifasında təqdim olunur. Bizim bəlli bir auditoriyamız var. Bizi sevən sevir. Kiminsə çıxıb filankəsi izləmə deməsi nə dərəcədə doğrudur? Sevən bəyəndiyi sənətçini sevməyə davam edəcək”.

"Ci-Mi" filmindən sonra növbəti kinosunu təqdim edən Müşviq Abbasov filmin iki musiqiçinin başına gələn hadisələrdən bəhs etdiyini söyləyib:

“İllər ərzində konsertlərə və qastrol səfərlərinə görə filmə vaxt ayıra bilmirdik. Vaxtımız yox idi. İnşallah tamaşaçı öz fikrini deyəcək. Gələcəkdə mütəmadi olaraq film istehsal edib tamaşaçıların ixtiyarına buraxacağıq.

Kinonun məğzində iki musiqiçinin macəraları dayanır. Biri qoşa nağara, digəri isə qarmon ifaçısını canlandırıb. Günlərin bir günü toylarına getdikləri müğənniylə pul üstündə davaları düşür. Sonra ayrılırlar. Pulsuz qalmasınlar deyə, bir çox toylara, həmçinin qadın toylarına da gedirlər. Əsas hadisələr də bundan sonra başlayır. Hələlik bu qədər bəsdir, qalanını kinoteatrda izləyə bilərsiniz”.

M.Abbasov bildirib ki, film 200 min manata başa gəlib:

“Azərbaycanlıları ən çox maraqlandıran sual filmin büdcəsidir. 200 min manata ərsəyə gəldi, amma dostlarımız olmasaydı, ekran 300 və 350 min manata başa gələcəkdi. Sağ olsunlar, bir sıra texniki dəstəklər oldu”.

Aytən Məftun,

FOTO: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/298283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR