Azərbaycanın şəhər və rayonlarında ağacəkmə aksiyası keçirilib

Azərbaycanın şəhər və rayonlarında ağacəkmə aksiyası keçirilib
22:37 6 Dekabr 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi çərçivəsində 650 min ağac əkilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə tovuzlular da mütəşəkilliklə qoşulublar.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, əvvəlcədən ağac əkiləcək sahələr müəyyənləşdirilərək lazımi hamarlama işləri görülərək çalalar qazılmış, əkin materalı, ağac şitil və tingləri tədarük olunub. 2000 nəfərdən artıq Tovuz rayonun Qovlar şəhəri, Aşağı Mülkülü, Əsrik Cırdaxan və Yuxarı Öysüzlü və rayonun digər kəndləri ərazisində “Təbiətə öz töhfəni ver”, “Nəsimi 650-ağac 650000”, “Nəsimi ili”ndə 650 min ağac əkək!” çağırışları altında mütəşəkilliklə ağacəkmə kampanyasına qoşulublar. Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yeni salınan yaşıllıq zonaları və meşə zolaqlarının hər birində tədbir iştirakçıları ilə birgə ağaclar əkib və onları suvarıb.
Bu gün rayon ərazisində 10 min ədəddən artıq ağac əkilib.

***
“Təbiətə öz töhfəni ver” devizi altında keçirilən kampaniya çərçivəsində Qazaxda da ağacəkmə aksiyası baş tutub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli və Çaylı kəndlərində yol kənarında baş tutan ağacəkmə kampaniyasında 3 min ədəd şam ağacı tingi əkilib.
Səhər saatlarından start verilən ağacəkmə kampaniyasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, məktəblilər, tələbələr, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ağacəkmədə iştirak edən rayon rəhbəri yolboyu ağac əkilən ərazilərdə olub, iştirakçılarla, gənclərlə görüşüb.
Əsl bayram əhval-ruhiyyəli aksiyada Böyük şairin qəzəlləri, şeirləri səslənib, İmadəddin Nəsimi yaradıcılığına olan hörmət və ehtiram bir daha nümayiş olunub.

***
Ucar rayonunda da ağacəkmə aksiyası keçirilib. 
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, aksiya çərçivəsində yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə Ucar şəhərin mərkəzi küçələrində, yaşayış binalarının həyətlərində, parklar və xiyabanlarda 40 mindən artıq eldar şamı, tuya, çinar, tut tingləri və müxtəlif meyvə ağacları əkilib.
Ağacəkmə kampaniyasında rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrinin rəhbərləri və kollektivləri, rayon ictimaiyyəti yaxından fəal iştirak ediblər.

***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən 650 min ağac əkini kampaniyasına zərdablılar da qoşulub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində kampaniyaya hazırlıq ərəfəsində 17 min, bu gün isə 10 min ədəddən çox ağac əkilib, yeni yaşıllıqların suvarılması üçün xətlər çəkilib.
Ağacəkmə kampaniyasında rayon rəhbərliyi, icra strukturlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak edib.
Ümumilikdə 2500 nəfərdən çox rayon sakini ağac əkib.

***
Masallıda Ağacəkmə kampaniya çərçivəsinə ümumilikdə 5000 ədəd ağac əkilib.
"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, aksiyada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatının məsul işçiləri, YAP rayon təşkilatının rəhbərliyi və fəalları, idarə və təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Ağacəkmə kampaniyasında Dövlət Meşə Fondunun 5 hektar ərazisində 5 min müxtəlif növ ağaclar, o cümlədən eldar şamı, sərv, göyrüş, ağcaqayın s. ağaclar əkilib.
Bayram əhval-ruhiyyəli humanitar aksiya Masallı Rayon Mədəniyyət Mərkəzinin instrumental ansamblı və “Halay” folklor rəqs qrupunun maraqlı konsert proqramı ilə çıxış ediblər.

***
Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə lənkəranlılar da böyük həvəslə qoşulublar.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, bununla əlaqədar rayonda öncədən qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib.
Şəhərin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində müxtəlif növ həmişəyaşıl ağacların əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib və sahələr əkinə tam hazırlanıb.
Dekabrın 6-da isə rayonda ağacəkmə kampaniyası baş tutub. Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayevin, icra hakimiyyətinin başçısı Taleh Qaraşovun, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ictimaiyyət nümayəndələrinin, ümumilikdə, 500 nəfərdən çox sakinin iştirakı ilə keçirilən kompaniya çərçivəsində şəhərin ayrı-ayrı ərazilərində bir gündə 2 min müxtəlif növ ağaclar əkilib.

***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Cəlilabad rayonunda ağacəkmə aksiyası keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, aksiya rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.
Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti, həmçinin gənclər iştirak ediblər.
Ümumilikdə, 2500 nəfərin iştirak etdiyi genişmiqyaslı ağacəkmə aksiyasında 5 mindən çox ağcaqayın və göyrüş ağacları əkilib.
Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.
Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.

***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ağstafa rayonunda ağacəkmə aksiyası keçirilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, aksiya Ağstafa rayonunun sakinləri arasında böyük maraqla qarşılanıb.
Aksiyada rayonun idarə və müəsisələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Belə ki, rayonun cəbhəyanı ərazidə yerləşən Köhnə Qışlaq və Tatlı kəndlərini birləşdirən 2 kilometrlik yolun sağ və sol hissələrinə 4 min ağac əkilib.
Yerli sakinlər ağacəkmə aksiyasında fəallıq göstəriblər.
Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.
Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.

***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Gəncə şəhərində ağacəkmə aksiyası keçirilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, aksiya Gəncə şəhər sakinləri arasında böyük maraqla qarşılanıb.
Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanlarının nümayəndələri, habelə tələbələr və sakinlər iştirak ediblər.
Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məğbərəsi ətrafında 10 mindən artıq eldar şamı və dekorativ ağaclar əkilib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il Nəsimi ili elan olunub: "Nəsimi ili çərçivəsində Respublika ərazisində müxtəlif tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü keçirilən ən böyük tədbirlərdən biridir. Respublikanın bütün bölgələri bu aksiyaya qoşulub. Bu gün ərzində 650 mindən çox ağacın əkilməsi nəzərdə tutulsa da, bizim hesablamalarımıza görə bu say daha çox olacaq”, - deyə nazir müavini qeyd edib.
Aksiyada iştirak edən Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, bu təşəbbüsün çox böyük əhəmiyyəti var: “Kütləvi şəkildə keçirilən bu aksiya həm görkəmli mütəfəkkir, şair İmadəddin Nəsimi irsinin təbliği, dünyada tanıdılması, həm də ətraf mühitin yaşıllaşdırılması baxımından olduqca əhəmiyyətlidir”.
Aksiyada tələbə gənclər də böyük həvəslə iştirak ediblər. Azərbaycan Texnologiya Universitetinin tələbəsi Hüseyin Bədəlov: “Ətraf mühiti qorumaq və onu yaşıllaşdırmaq hər bir vətəndaşın mənəvi borcudur. Bu gün bir gənc olaraq mən də təbiətə öz töhfəmi verərək ağacəkmə aksiyasında iştirak etdim və bununla fəxr edirəm”.
Aksiya zamanı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasənda ifasında müxtəlif musiqi parçaları səsləndirilib, Gəncə Dövlət Dram Teatrı kollektivinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

***
Xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində, o cümlədən Ağdaş rayonunda da böyük rəğbətlə qarşılanıb.
Ağdaşın ümumi mənzərəsinə xüsusi gözəllik gətirəcək bu xeyirxah təşəbbüslə əlaqədar ərazilər müəyyənləşdirilib, sahələr təmizlənib, çalalar qazılıb və 4500-dən çox ağac əkilib. 
Yaşıllıqların artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcək nəcib aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, sadə vətəndaşlar iştirak ediblər. Əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

***
650 min ağac əkilməsi təşəbbüsü Lerik rayonunda da böyük sevinclə, qarşılanıb.
"Report"un Cənub Mərkəzi xəbər verir ki, 3 mindən yuxarı rayon sakini bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub. Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun üç mindən çox ağac tinginin əkilməsində iştirak ediblər.
Rayon mədəniyyət mərkəzinin kollektivinin səsləndirdiyi musiqi sədaları və “Lakto” rəqs kollektivinin çıxışı tədbirə əlavə rəng qatıb.



Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/azerbaycanin-seher-ve-rayonlarinda-agacekme-aksiyasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR