Çiçək xəstəliyinə son qoyulmasından 40 il keçir

Çiçək xəstəliyinə son qoyulmasından 40 il keçir
00:47 13 Dekabr 2019
121 Maraqlı
Ölkə mətbuatı
A- A+

Düz qırx il bundan əvvəl, 1979-cu ilin dekabrında çiçək xəstəliyi üzrə xüsusi beynəlxalq komissiya əsrlər boyu bəşəriyyətin bəlasına çevrilmiş bu xəstəlik üzərində tam qələbə qazanıldığını bildirdi. Çiçək xəstəliyi təkcə XX yüzillikdə 300 milyon insanın həyatına son qoyub.

Yaşlı nəslin bəzi nümayəndələrinin çiyinlərində çiçək peyvəndindən qalmış balaca izlərə hələ də rast gəlmək olar. Genişmiqyaslı vaksinləmə kampaniyası nəticəsində çiçək infeksiyasına qalib gəlmək mümkün olub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, axırıncı dəfə çiçək epidemiyası 1977-ci ildə Somalidə qeydə alınıb, amma o vaxt onu tezliklə aradan qaldırmaq mümkün olub.

Çiçəklə mübarizə hələ on səkkizinci əsrdə başlanıb: sağlam insanları xəstələrin bədənindəki yaralardan götürülmüş ekssudatın köməyi ilə xüsusi olaraq yoluxdururdular (bu proseduru peyvənd adlandırırdılar). "Peyvənd edilmiş" insanlar bu xəstəliyi yüngül formada keçirir və immunitet əldə edirdi.

1796-cı ildə ingilis həkimi Edvard Cener qeyd etdi ki, inəklərdən çiçək xəstəliyi keçirmiş sağıcılar qorxunc qara çiçək xəstəliyinə tutulmurlar. Edvard Cener səmərəli vaksin yaratdı və qabaqcadan xəbər verdi ki, bu vaksin nəticədə xəstəliyin tam ləğvinə gətirib çıxaracaq. Biz indi bilirik ki, bu öncəgörmənin təsdiqlənməsi üçün bir əsrdən çox vaxt və beynəlxalq ictimaiyyətin o vaxtadək görünməmiş əməkdaşlığı lazım oldu.

1958-ci ildə Ümumdünya Səhiyyə Assambleyasında sovet nümayəndə heyəti çiçəyin kökünü kəsmək üçün səyləri birləşdirməyi təklif etdi. Daha sonra DST-nin müvafiq proqramı həyata keçirildi. Bəşəriyyətin bu infeksiya üzərində qəti qələbəsinin nümunəsi olan həmin proqram indiyə qədər müvəffəqiyyətli beynəlxalq əməkdaşlığın simvolu sayılır. Bu müvəffəqiyyət həkimləri uşaqların başqa, o cümlədən - poliomielitə qarşı vaksinlənməsi üzrə universal proqramlar yaradılmasına ruhlandırdı. DST xatırladır ki, bu istiqamətdə fəaliyyət hələ də davam edir və dünyanın bütün ölkələrinin daha sıx əməkdaşlığını tələb edir.

Çiçəyə qarşı mübarizə kampaniyası nəticəsində qazanılmış təcrübə "halqaşəkilli vaksinləmə" taktikasını hazırlamağa kömək edib. Bu halda yoluxmuş insanla ünsiyyət saxlayan adamların hamısına peyvənd edilir. İndi bu metoddan Konqo Demokratik Respublikasında Ebola virusuna qarşı mübarizədə istifadə edirlər.

Dünya Səhiyyə Təşkilatının Çiçəyin aradan qaldırılması haqqında rəsmi bəyannaməsi 1980-ci ilin mayında, müvafiq komissiyanın rəyindən bir neçə ay sonra dərc edilib. Həmin Bəyannamənin qırx illiyi münasibəti ilə təntənələr gələn ilin mayında, Ümumdünya Səhiyyə Assambleyasının keçiriləcəyi günlərdə təşkil olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR