Honqkonqun azarkeşləri Cənubi Koreyanın Busan şəhərində keçirilən beynəlxalq futbol turnirində komandalarının Çin yığması ilə oyunundan əvvəl himnlərin ifası zamanı Çinin dövlət himnini fitə basıblar.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, Cənubi Koreya və Yaponiyanın da iştirak etdiyi turnir çərçivəsində keçirilən və geniş siyasi əks-səda doğuran qarşılaşmada Çin yığması Honqkonq komandasını 2:0 hesabı ilə məğlub edib.
Koreya Futbol Assosiasiyası vəziyyətin həssas olduğunu nəzərə alaraq, oyun zamanı stadiona bayraqların gətirilməməsi üçün tədbir gördüklərini açıqlayıb. Stadiona gələn 200-dək honqkonqlu azarkeş çinli azarkeşlərin səsini batırmağa çalışıblar.
Qeyd edək ki, 1997-ci ildən Honqkonq Çinin tərkibində muxtariyyət statusu daşıyır. Çində himnə hörmətsizlik cinayət məsuliyyətinə əsasdır. Honqkonqda da bu kimi əmələ görə 3 ilədək həbs cəzasını nəzərdə tutan qanun layihəsi qəbul olunub.