Hindistanda "Vətəndaşlıq haqqında" yeni qanuna qarşı etiraz aksiyalarının gedişatında ölənlərin sayı artıb.
"Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, Uttar-Pradeş ştatının polis rəisi Prakaş Sinqh bildirib ki, ştatda etirazlar zamanı toqquşmalarda daha 3 nəfər həlak olub. Bununla da ştatda həlak olanların ümumi sayı 9 nəfərə çatıb.
Onun sözlərinə görə, hakimiyyət orqanları ölənlərin sayının artmasından narahatdır.
Polis rəisi qeyd edib ki, son etirazların gedişatında ştatda saxlanılanların sayı 600 nəfəri ötüb.
Beləliklə, bütün Hindistan üzrə etirazların gedişatında ölənlərin sayı 17 nəfərə çatıb. Aksiyalarda saxlanılanların sayı 4000 nəfər olub.
Hindistanda kütləvi etiraz aksiyaları və qarışıqlıqlar dekabrın 11-də parlamentin "Vətəndaşlıq haqqında" qanuna yeni düzəlişləri bəyənməsindən sonra başlayıb.