Məşhur norveçli xanım siyasətçi maraqlı faktları açdı: 13 yaşım olanda... - MÜSAHİBƏ

Məşhur norveçli xanım siyasətçi maraqlı faktları açdı: 13 yaşım olanda... - MÜSAHİBƏ
09:03 25 Dekabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Feminizm dəbdə olan trend, sinəmizi bəzəyən boş cümlələr toplusundan ibarət broş deyil, həyat tərzidir, düşüncədir, amaldır. Qadınların kişilərlə bərabər hüququnu tələb yox, təmin etməkdir. Siyasi karyera sənə güvənən insanların malını talamaq yox, maddi-mənəvi rifahını təmin etməkdir. Bu yoldan usanmamaq, yorulmamaqdır.

Ölkədə başımız bələdiyyə seçkilərinə qarışmışkən, Norveç bələdiyyəsinin nüfuzlu siyasətçisi, feminist fəal Fatima Madarla həmsöhbət olduq.

Publika.az Norveçin tanınmış siyasətçisi Fatima Madarla müsahibəni təqdim edir:

- Əzizim, minlərlə qızın ilham mənbəyisiniz. Somalilənddən Norveçə uzanana yolunuzun başlanğıcına qayıdaqmı?

- Zövqlə… 1974-cü ildə Somalilandda doğulmuşam. 13 yaşım olanda anam, bacı-qardaşlarımla birgə Norveçə köçdük. Bu gün bacım insan haqları üzrə vəkildir. Qardaşlarımsa həkim memar və mühəndisdirlər. Mən kompüter mühəndisliyi üzrə təhsil aldım. Magistr təhsilimi İT elmləri üzrə tamamladım. Həmin dövrdə Somalilandda yalnız oğlanların təhsil almaq hüququq vardı. Bu baxımdan Norveçə köçməyimizi böyük şans hesab edirəm.

- Vətəninizdə vəziyyət indi necədir?

- İndi daha yaxşıdır. Baxmayaraq ki, Somalinin ən varli ailələrinin birində doğulmuşdum, bacım və mən məktəbə getmirdik. Evdə anamla birgə qalırdıq. Təhsilimə də Norveçdə başladım. Təsəvvür edirsinizmi, 13 yaşlı qızın ibtidai təhsili, oxuyub yazma qabiliyyəti olmasın?! Gün ərzində ikiqat artıq çalışmağa başladım ki, həm norveç, həm də ingilis dillərini öyrənim. Ən acınacaqlısı isə odur ki, Somalilandda mənim kimi oxumaq şansı olmayan minlərlə qız yaşayırdı. Bu problem hələ də tam həllini tapmayıb. Amma bütün bunlara baxmayaraq, ölkəm günəşlidir, gözəldir. İnsanları mehribandır. Somaliland hələ də qəbul olunmamış respublika sayılır. Somalinin sərhədində yerləşdiyi üçün hər kəs bu iki ölkəni səhv salır. Doğrudur dilləri, mədəniyyətləri eynidir, lakin ölkə olaraq iki fərqli dövlət sayılır. İnsanları da müxtəlifdir. İllərdir ki, müharibə iki ölkə arasında çox gərgin şərait yaradıb. Odur ki, ailəm 1986-cı ildə Norveçə köçmək məcburiyyətində qaldı. Müharibə bir çox soydaşımızın həyatını qaraltdı. Ölkəmizdən qaçmaq məcburiyyətində qaldıq.

- Savaş ölkəsində böyüyən uşaqların mübarizə ruhu da güclü olur…

- Mən də belə düşünürəm. Ölkəmə qarşı haqsızlıq, hüquqlarının tapdanması uşaqlıqdan məndə mübarizə ruhu formalaşdırdı. İnsan haqları, humanizmə olan dərin bağlılığım da o vaxtdan yarandı. Siyasətə qatıldım. Somalilanddan Norveç siyasətinə qatılan ilk qadın mənəm. Çox sevinirəm ki, məndən sonra bu ənənə davam etdi. 2011-ci ildən sonra tək Somalidən 44 nəfər seçkiyə qatıldı.

L’image contient peut-être : 2 personnes, dont Fatima Madar, personnes souriantes, personnes debout et intérieur

- Norveçin fəal feministlərindən sayılırsınız.

- Ali məktəbdə oxuyanda görürdüm ki, mühacir qızlar təhsil almırlar. Çox güclü diaspor fəaliyyətinə başladım. Yəqin bunun nəticəsidir ki, hazırda Oslo ali məktəblərində beş mindən çox Somalidən olan qız təhsil alır. Somaliland Qadınları Təşkilatı və bir çox digər qurumlara başçılıq edirəm. Qadınların təhsili, işlə təmin olunması yolunda çalışırıq. Qadın biznesinə, habelə mühacir xanımların biznesinin inkişafına dəstək veririk. Oslo bələdiyyəsinin Mədəniyyət və Təhsil Komitəsinin üzvüyəm. 2021-ci ildə Norveçin Parlament seçkilərində namizədliyimi irəli sürəcəm. Bundan başqa, “Diaspora Network”, “Women in Focus”, “Focus on Women”, “Workers party” kimi təşkilatların idarə heyətində yer alıram. Uşaqları da unutmuram. Somalilandda ilk uşaq oyun dünyasının yaradılmasını təmin etdim.

- Soydaşlarınız üçün müqəddəs Fatiməsiniz, əminəm…

- Ölkəmə hər səfərimdə bir çox insanla görüşürəm. Hamısı da Somalilandı tərk edib, Norveçə köçmək istədiklərini bildirirlər. Səbəbini soruşanda, yüksək dərəcəli təhsil, daha yaxşı və təminatlı həyat arzuladıqlarını deyirlər. Amma hamımız bilirik ki, arzularla gerçəklik tərs mütənasibdir. Baxın, Avropa maddi rifah demək deyil. Bəli, Norveçdə təhsil pulsuzdur və əgər norveçli qızlar gecəsini gündüzünə qatıb təhsil alırsa, siyasət və digər sahələrdə kişilərdən də çox uğur qazanırsa, bunu mən də, sən də edə bilərik. Mən işçilər partiyasının fəal üzvüyəm. Hər il “Qadınlar bacarar” adlı təlimlər keçiririk. Layihənin rəhbəri mənəm. Xüsusilə mühacir qadınları cəlb edib, onlara yeni peşələr öyrədirik, təlimlər veririk. Milliyət fərqi yoxdur. İstər somalilandlı olsun, istərsə də türk, yaxud azərbaycanlı… Əsas qadınların gücünü kəşf etməkdir. Mənim üçün feminizm ətrafındakı köməksiz qadınlara dəstək olmaq, onların güzəranını öz nailiyyətərindən üstün tutmaq deməkdir. Həftəsonları dincəlmirəm. Hətta yaratdığımız yerli radio stansiyasında 7 müxtəlif dillərdə qadınlara müxtəlif məlumatlar veririk, hüquqlarını öyrədirik. Radiomuz “İnterFm” adanır. 2005-ci ildən bu günədək fəaliyyət göstəririk. Burada həmçinin müxtəlif xalqların mədəniyyəti haqda da xəbərlər yayımlayırıq.

- Yəqin ki, bu siyahıda Azərbaycan da var…

- Təbii ki, siyahıda Azərbaycan və Türkiyə də var. Ona görə dünyanın hər yanında əlaqələrimizi genişləndiririk. Azərbaycan musiqisi mənim ruhuma çox yaxındır. Muğamınızı, etnik musiqinizi çox sevirəm. Hətta 2011-ci ildə seçkilərə qatılanda, sırf mənim üçün Azərbaycan dilində mahnı hazırlanmışdı. Bu, həyatımın ən gözəl xatirələrindən biridir.

L’image contient peut-être : Shervin Najafpour et Fatima Madar, personnes souriantes, personnes debout et intérieur

- Əziz Fatima, bu yaxınlarda Nobel Sülh Mükafatının təqdimetmə mərasimində iştirak etdiniz. Bu haqda danışmağınızı istəyirəm.

- Bu günədək həmin mərasimə dəfələrlə dəvət almışam. Amma ilk dəfə idi ki, qatılmağa qərar verdim. Çünki buna çox gözəl səbəb vardı. Bildiyiniz kimi, Efiopiyanın baş naziri Abiy Əhməd Əli bir il yarımdır ki, vəzifəsini icra etməyə başlayıb. Bu qısa müddət ərzində ölkəsi ilə Eritreya arasındakı savaşı sülh yolu ilə susdurmağı bacarıb. Mən özüm də Afrika buynuzu sayılan ərazidə doğulmuşam. Bu bölgədə illərdir ki, müharibə davam edir. İtkilərin də, qurbanların da şəxsən şahidiyəm. Əhməd Əli bəyə dərin hörmətim məni bu mərasimə getməyə vadar etdi. O, özü də müharibə iştirakçısı olub, xalqının bütün acılarına şahidlik edib. Abiy Əhməd Əli tək öz ölkəsi üçün yox, bütün Afrika buynuzunun əmin-amanlığı üçün əlindən gələni edir. Qonşu dövlətlərlə sıx əlaqə qurur, insanların inamını qazanır. Onun cəmi 43 yaşı var və bu qədər böyük işlər görür. Mərasimə yaxın rəfiqəm Norveçin azərbaycan əsilli dizayneri, CAN təşkilatının yaradıcısı Şervin Nəcəfpurla birgə qatılmışdıq. Mükafatın təqdimetmə məqamında Abiy Əhməd Əli çox təsirli nitq söylədi. Sülh təmin etməyi ağac əkməklə müqayisə etdi. "Ağacların böyüməsi üçün suya və münbit torpağa ehtiyac olduğu kimi, sülhün bəhrəsini görməkdən ötrü də sonsuz səbir və xeyirxahlığa möhtacıq", - dedi. Ən yadda qalan hədisə isə Nobel Sülh komitəsinin sədri Berit Reiss-Andersenin həyəcandan mükafatı təqdim etməyi unutması oldu. Bütün zal bu durumu təbəssümlə qarşıladı. Amma bu hadisədən bir dərs çıxarırıq ki, hər kəs insandır və belə böyük şəxsiyyətlər qarşısında komitə sədri belə özünü itirə bilər. Bu, mənə bir daha böyük stimul verdi. Gücünüzü kəşf edin. Çətinliklərdən qorxmayın. Çünki biz hamımız ən az Abiy Əhməd Əli kimi bir savaşı susdura bilərik.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/300010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR