Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir
21:15 26 Dekabr 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Serbiyanın sabiq Prezidenti Boris Tadiçdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Cənab Prezident İlham Əliyev. İcazə verin, Sizi doğum gününüz münasibətilə təbrik edim.

Müasir dünyada Sizin uzaqgörən dövlət xadimi kimi rolunuz yüksək qiymətləndirilir. Yalnız Zati-aliniz kimi qeyri-adi insanlar siyasi proseslərə və ideyalara yüksək standartlar səviyyəsində yanaşırlar. Mən bizim birgə çalışdığımız, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyimiz dövrü yaxşı xatırlayıram.

Zati-aliləri, icazə verin, indiyə qədər gördüyünüz bütün işlərə görə Sizə bir daha dərin ehtiramımı bildirim. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü kimi bu bənzərsiz qurumun missiyasına davamlı dəstəyinizə və sadiqliyinizə görə Sizə minnətdaram. Siz hələ çox töhfələr verəcəksiniz və bu yolda Sizə xoşbəxtlik, rifah diləyirəm".

XXX

Yunanıstanın İoniya adaları regionunun qubernatoru Rodi Kratsa Tsaqaropoloudan:

"Zati-aliləri, möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə Sizə uzun ömür, cansağlığı, ailə səadəti və xalqınızın rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dostları qrupunun üzvü kimi bu mühüm düşüncə və təşəbbüs mərkəzinin fəaliyyətinə verdiyiniz dəyərli dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Yunanıstanın ən ucqar qərb bölgəsi olan və Trans-Adriatik boru kəmərinin (TAP) Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə Adriatik dənizi boyunca keçdiyi əraziyə çox yaxın olan İoniya adaları regionunun yeni seçilmiş qubernatoru kimi Sizə ən xoş arzularımı çatdırıram. Bu, təkcə Yunanıstanın deyil, həm də Avropa İttifaqının (Aİ) enerji sektorunun gələcəyi üçün çox əhəmiyyətli bir layihədir, çünki onun başa çatması ilə həyati əhəmiyyətli “Cənub Qaz Dəhlizi” layihəsi işə düşəcək ki, bu da Aİ ilə Azərbaycanın strateji tərəfdaşlığını möhkəmləndirəcəkdir.

Sizi əmin etmək istərdim ki, Azərbaycan və Yunanıstan arasındakı 25 ildən çox davam edən diplomatik münasibətlər və əməkdaşlıq kontekstində yeni hökumətimizin xarici siyasətinin məqsədi xalqlarımızın rifahı və firavanlığı, eləcə də dünyada sülh naminə ortaq layihələr üzrə ölkənizlə əlaqələrimizi daha da gücləndirməkdir.

Mənim səlahiyyətim çərçivəsində İoniya adaları regionu ilə Azərbaycan arasında turizm, ali təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığı inkişaf etdirməkdən məmnun olardım".

XXX

Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musadan:

"Hörmətli cənab Prezident. Sizi - Azərbaycanın müdrik və uzaqgörən liderini doğum günü münasibətilə təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan dünyada layiqli yerini tutaraq söz sahibinə çevrilmişdir. Eyni zamanda, Sizi planetin gələcəyi naminə beynəlxalq müzakirələrin aparıldığı platforma kimi tanınan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin diqqətəlayiq uğurları münasibəti ilə təbrik etmək istəyirəm.

Zati-aliləri, qarşıdan gələn illərdə Sizə daha böyük uğurlar və möhkəm cansağlığı arzulayıram".

XXX

Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvilidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Cənab Prezident İlham Əliyev. Sizi doğum gününüz münasibətilə təbrik edir və Sizə ən yaxşı arzularımı çatdırıram. Regionumuzda sülhün bərqərar olunması və inkişafın təmin edilməsində Sizin rolunuzu yüksək qiymətləndirirəm. Xalqlarımızın bu günü və gələcəyinin daha yaxşı olması naminə Sizinlə işləmək həqiqətən çox faydalı idi.

Sülh quruculuğunun, regional və qlobal müzakirələrin mühüm platforması olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Sizə, ailənizə, dostlarınıza və xalqınıza ən xoş arzularımı bildirir, bütün gələcək təşəbbüslərinizdə uğurlar diləyirəm".

XXX

Çex Respublikasının sabiq Baş naziri (2009-2010), sabiq maliyyə naziri (2013-2014), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yan Fişerdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm Prezident. Sizin doğum gününüz Azərbaycanın sabit milli iqtisadiyyatı olan, xalqının tədricən yüksək həyat şəraitinin təmin edildiyi, həm regional, həm də beynəlxalq münasibətlərin nüfuzlu aktoru kimi fəal rol oynayan müasir ölkəyə çevrilməsində Zati-alinizin böyük töhfəsini yüksək qiymətləndirmək baxımından gözəl imkandır.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı arzulayır, Azərbaycanı firavan saxlamaq və ölkənizi parlaq gələcəyə doğru aparmaq yolunda uğurlar diləyirəm".

XXX

Ümumdünya Elm və İncəsənət Akademiyasının prezidenti və Baş icraçı direktoru Qarri Yakobsdan:

"Doğum gününüz münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimizi və dərin hörmətimizi bildiririk.

Azərbaycan Prezidentinin, hökumətinin və xalqının dünyada sülh, çoxtərəflilik, beynəlxalq anlaşma və multikultural harmoniyanı təşviq etmək səyləri XXI əsrdə bəşəriyyəti irəli aparmaq üçün tələb olunan intellektual və diplomatik liderlik keyfiyyətlərinin bariz nümunəsidir".

XXX

İsrailin sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzikdən:

"Möhtərəm Prezident İlham Əliyev. Doğum gününüz münasibətilə Sizə ən xoş və səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqı və onun dünyadakı dostları naminə davamlı məhsuldar fəaliyyətinizdə uğurlar arzulayıram.

Ötən on il ərzində Sizin müdrikliyiniz və rəhbərliyiniz sayəsində Azərbaycan inkişaf edərək nüfuzlu və önəmli ölkəyə çevrilib. Dünyada bir çoxları Azərbaycanı regionda sabitliyin və iqtisadi inkişafın təmin olunmasına əhəmiyyətli töhfə verən ölkə hesab edir.

Əminəm ki, gözəl və sevimli ailəniz, xüsusən də şəxsən tanımaqdan şərəf duyduğum həyat yoldaşınız və istedadlı qızınız da Sizin böyük uğurlarınızda və nailiyyətlərinizdə mühüm rol oynayırlar.

Uzun illər İsrailin siyasi rəhbərliyinin üzvü və ölkənizi yaxından tanıyan əsl bir dost kimi Sizin işinizi yüksək qiymətləndirmək üçün mən kifayət qədər əsaslı məlumatlara malikəm. Qarşıdakı illərdə öz fəaliyyətinizi davam etdirmək üçün Sizə böyük qüvvə və uzun ömür arzulayıram.

İsrail Dövlətinə olan həqiqi dostluğunuza və rəğbətinizə, habelə beynəlxalq aləmə müsbət töhfə verən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Ad gününüz mübarək. Qadir Allah Sizi qorusun".

XXX

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən:

"Hörmətli cənab Prezident, əziz dostum. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz fəal işinizlə, əsas dövləti məsələləri səmərəli şəkildə həll etməklə və beynəlxalq problemlərin həllində kompromis tapmaq bacarığınızla haqlı olaraq dünyada yüksək nüfuz və hörmət qazanmısınız.

Mən Sizə dost deyib ünsiyyət qura bildiyim üçün taleyimə minnətdaram.

Cənab Prezident, icazə verin, Sizə fəaliyyətinizdə uğurlar, cansağlığı, uzun ömür, xoşbəxtlik və firavanlıq diləyim.

Bu xoş fürsətdən istifadə edərək Sizə, ailənizə və ölkənizə qarşıdan gələn Yeni il münasibətilə ən xoş arzularımı yetirirəm".

XXX

Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvilidən:

"Zati-aliləri. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, uzun ömür, rifah və yeni-yeni uğurlar diləyirəm.

Ölkələrimizin strateji tərəfdaşlığı, böyük əhəmiyyət daşıyan ortaq layihələr, dövlətlərimiz arasındakı mehriban qonşuluq münasibətləri Gürcüstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun və tolerantlığının əyani təsdiqidir. Biz bu münasibətləri Kvemo Kartli bölgəsinin timsalında aydın görürük.

Sizi bir daha təbrik edir və ən gözəl arzularımızı çatdırıram".

XXX

Latviyanın sabiq Baş naziri (2014-2016), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Laimdota Strauyumadan:

"Zati-aliləri. Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram. İnsanpərvərlik, mədəniyyətlər və xalqlar arasında dialoq, tolerantlıq və anlaşma dahi şair Nizami Gəncəvinin poeziyasının əsas motivlərini təşkil edir. Mən inanıram ki, ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeləri naminə bundan sonra da davam edəcək. Xalqınıza rifah arzulayıram".

XXX

Gürcüstan-Azərbaycan Dostluq və Mədəni Əlaqələr Evinin İdarə Heyətinin sədri Georgi Sturuadan:

"Zati-aliləri. Gürcüstan-Azərbaycan Dostluq və Mədəni Əlaqələr Evinin İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi, ailənizi və bütün qardaş Azərbaycan xalqını ad gününüz münasibətilə təbrik etməyi özümə xoş bir borc hesab edirəm.

Sizə möhkəm cansağlığı, Azərbaycan dövlətinin tərəqqisi və Gürcüstan-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafı naminə gərgin və nəcib fəaliyyətinizdə gümrahlıq, tükənməz enerji arzu edirik".

XXX

Bolqarıstan Respublikasının sabiq Prezidenti (2002-2012), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Georgi Pırvanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Siz Azərbaycanın davamlı iqtisadi inkişafı yolunda ona rəhbərlik edən güclü dövlət xadimi və ölkənizin lideri kimi böyük nüfuz qazanmısınız.

Mən Azərbaycanın beynəlxalq birliyin fəal üzvü imicinin formalaşmasında Sizin mühüm rolunuzu xüsusilə vurğulamaq istərdim. Siz yürütdüyünüz praqmatik siyasət və dövrümüzün ən aktual çağırışlarının həlli üçün göstərdiyiniz səylər nəticəsində beynəlxalq arenanın ən parlaq simaları sırasına daxil olmusunuz.

Sizinlə olan çoxsaylı görüşlərimizi və söhbətlərimizi böyük məmnuniyyət hissi ilə xatırlayıram. Şadam ki, Bolqarıstan Respublikasının Prezidenti olduğum müddətdə Sizinlə birlikdə strateji tərəfdaşlığın möhkəm əsaslarını qoymuşuq.

Sizin uzaqgörən strategiyanızın parlaq nümunələrindən biri də dialoq və anlaşma platforması olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.

Azərbaycan Respublikasının Prezidenti kimi məsuliyyətli missiyanızda qarşınıza qoyduğunuz məqsədlərin həyata keçməsi üçün Sizə möhkəm cansağlığı, tükənməz güc və enerji arzulayıram".

XXX

Polşanın sabiq Prezidenti (1995-2005), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Aleksandr Kvasnievskidən:

"Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerji və nikbinlik, bütün yeni təşəbbüs və planlarınızın həyata keçməsi üçün böyük qüvvə arzulayıram.

Prezident olduğumuz dövrdən başlayaraq son iyirmi il ərzində Sizinlə əməkdaşlıq etmək mənim üçün böyük şərəf olub. 2005-ci ilin mart ayında Sizin Polşaya rəsmi səfərinizi, orada keçirdiyiniz bütün görüşləri, xüsusilə də müzakirələrlə yadda qalan çoxsaylı şəxsi görüşlərinizi böyük məmnuniyyətlə xatırlayıram. Həmin vaxt ölkəmi və onun əldə etdiyi nailiyyətləri Sizə təqdim etmək mənim üçün böyük şərəf idi və şadam ki, bu səfər dövlətlərimiz və millətlərimiz arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirdi.

Azərbaycanın və şəxsən Sizin dinlərarası, millətlərarası tolerantlıq və sülh kimi dəyərlərə göstərdiyiniz sədaqət bu gün bütün dünyaya məlumdur. Bu baxımdan, mənim də iştirak etdiyim Qlobal Bakı Forumu da Azərbaycanın bu məsələlərlə bağlı beynəlxalq dialoqun inkişafına sadiqliyinin bariz nümunəsidir. Bu tədbir mənim regionda yürüdülən siyasətin xüsusiyyətləri, eləcə də Azərbaycanın və regionun hazırda üzləşdiyi çağırışlarla tanışlığım üçün gözəl bir fürsət oldu.

Cənab Prezident, Sizə qarşıdakı illərin həmvətənlərinizə və beynəlxalq ictimaiyyətə fayda gətirən uğurlarla zəngin olmasını diləyirəm".

XXX

Ukrayna-Gürcüstan Beynəlxalq Elm və Təhsil İnstitutunun tədris işləri üzrə prorektoru Mahmud Kamaloğludan:

"Möhtərəm cənab Prezident. Çox qədim və zəngin tarixə malik Azərbaycana rəhbərlik etdiyiniz bu illərdə ölkəmiz çox sürətlə inkişaf edərək dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilmişdir. Bu, Sizin yorulmaz fəaliyyətiniz nəticəsində mümkün olmuşdur.

Biz – Gürcüstanda yaşayan azərbaycanlılar tarixi Vətənimizdə gedən bütün siyasi, iqtisadi və mədəni prosesləri çox diqqətlə izləyirik. Xüsusən də xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərdiyiniz qətiyyəti çox yüksək dəyərləndiririk. İnanırıq ki, səyləriniz hədər getməyəcək, haqq və ədalət tezliklə öz yerini tapacaq, torpaqlarımız işğaldan azad olunacaqdır.

Möhtərəm Prezident, Siz Azərbaycanda yaşayan azərbaycanlılarla yanaşı, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənəni davam etdirərək, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın da hər zaman qayğısına qalırsınız. Xüsusən, Gürcüstanda yaşayan azərbaycanlılara daim böyük qayğı və diqqətinizi soydaşlarımız minnətdarlıqla qarşılayırlar, Sizin hər bir uğurunuz bizə çox böyük sevinc bəxş edir.

Bu xoş fürsətdən istifadə edərək, doğum gününüz münasibətilə Sizi Gürcüstanda yaşayan azərbaycanlı elm adamları və ziyalılar adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayır və doğma Azərbaycanımızın daha da inkişafı yolunda uğurlar diləyirik".

XXX

İSESKO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycridən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Zati-alinizi böyük məmnuniyyətlə səmimi qəlbdən təbrik edirəm.

Sizin bacarıqlı və müdrik rəhbərliyinizlə Azərbaycanda həyatın bütün sahələri hərtərəfli və uğurlu inkişaf edib, ölkəniz bütün dünyada dialoq, sülh və tolerantlığın rəmzinə çevrilib. Ortaq problemlərimizi müzakirə etmək üçün görkəmli liderlərin bir araya gəldiyi platforma kimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Ölkənizi dinamik inkişaf və davamlı tərəqqi yolunda aparmaq kimi nəcib missiyanızı davam etdirmək üçün Zati-alinizə uzun ömür və möhkəm cansağlığı arzulayıram".

XXX

Çin Xalq Respublikasında “Kingold” qrupunun sədri Çau Çak Vinqdən:

"Zati-aliləri, cənab İlham Əliyev, doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə firavanlıq diləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Dərnəyinin həmsədri kimi bu təşkilatın fəaliyyətinə dəstək vermək və onun tədbirlərində iştirak etmək mənim üçün şərəfdir. Mən inanıram ki, Sizin böyük dəstəyiniz və himayənizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mədəniyyətlər arasında dialoqun və anlaşmanın təşviqində daha fəal rol oynayacaq və müasir dünyanın üzləşdiyi problemlərin həllinə daha çox töhfə verəcək.

İcazə verin, bir Çin məsəlində deyildiyi kimi, Tanrıdan Sizə dəryalar qədər dərin xoşbəxtlik və dağlar qədər uzun ömür arzulayım".

XXX

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı və diləklərimi qəbul etməyinizi xahiş edirəm.

Liderliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası regionun ən inkişaf etmiş ölkəsi olaraq dünya dövlətləri arasında nüfuzunu daha da möhkəmləndirməkdədir.

Eyni zamanda, Türk Şurasına daimi dəstəyinizi məmnuniyyətlə qeyd edirəm. Türk Şurasının Sizin sədrliyinizlə Bakıda keçirilən VII Zirvə Görüşünün uğurlu nəticələri təşkilatımızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə zəmin yaratmışdır.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq, ailə səadəti diləyir və çoxşaxəli ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

XXX

TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.

Siz TASS agentliyinə müsahibənizdə vaxtilə demişdiniz: “Dövlətin davamlı inkişafı yalnız o halda mümkündür ki, addımlar düzgün planlaşdırılmış olsun”. Azərbaycanın bugünkü uğurları, sosial-iqtisadi potensialının və beynəlxalq nüfuzunun möhkəmlənməsi Sizin daxili və xarici siyasətdə atdığınız ardıcıl addımların nəticəsidir.

Sizin qətiyyətiniz və əzmkarlığınız, möhkəm rəhbər iradəniz həmişə ölkənin qələbələrinin həlledici qüvvəsi olmuş Azərbaycan xalqının zəngin mənəvi və yaradıcı potensialını səfərbər etməyə imkan verib.

Siz ölkə vətəndaşları üçün cəmiyyətə fədakarcasına xidmət nümunəsi olmusunuz.

TASS agentliyi Azərbaycanın həyatı ilə bağlı hadisələrin işıqlandırılmasına böyük diqqət yetirir. Ümidvaram ki, informasiya sahəsində əməkdaşlığımız keyfiyyətcə yeni formada davam edəcək.

Bu əlamətdar gündə ən səmimi arzularımı qəbul edin. Sizə sülh, rifah, cansağlığı, firavanlıq və təşəbbüslərinizdə yeni uğurlar diləyirəm".

XXX

İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir:

"Hörmətli Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə və möhtərəm xanımınıza cansağlığı, firavanlıq və uzun ömür diləyirəm.

Bu münasibətlə əziz Azərbaycan xalqına Sizin rəhbərliyinizlə daha gözəl və firavan gələcək arzulayır, himayənizlə uğurlu fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nailiyyətlərinin artmasını diləyirəm.

Sizə ən səmimi ehtiramımı bildirir, xoş arzularımı qəbul etməyinizi rica edirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3169460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR