Bakı, 21 may, Ramiz Quliyev, AZƏRTAC
Avstraliyanın “Woods bagot” bürosunun memarları Adelaida şəhərində “SAHMRİ” tibbi -elmi tədqiqat mərkəzinin layihəsini hazırlayıblar.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, mərkəzin layihəsinin fərqləndirici cəhəti fasadın innovativ dizaynının hər zaman dəyişən ətraf mühitə uyğunlaşa bilməsidir. Fasadda işlənmiş çıxıntılar təbii şəraitə reaksiya verərək sanki canlı orqanizm kimi işləyir.
Bu üçbucaqlı çıxıntıların hər biri alüminium çətirlə örtülüb. Çətirlər xüsusi mexanizmin köməyi ilə açılıb bağlanaraq binaya düşən təbii işığın miqdarını tənzimləyir.
Binanın ən gözəl elementlərindən biri də mərtəbələri birləşdirən ağ rəngli burulmuş pilləkəndir.


