Bakı, 21 may, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun iri həcmdə neft sızması səbəbindən Santa-Barbara dairəsini fəlakət zonası elan edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu qərarın fövqəladə tədbirlər görməyə yardımçı olacağını deyən qubernator Kaliforniya sahillərini qorumaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
Mayın 19-da ABŞ-ın kurort şəhərlərindən biri olan Santa-Barbaradan 34 kilometr qərbdə neft kəmərində baş verən qəza nəticəsində sızan neft Cənubi Kaliforniyanın ən məşhur çimərliyi olan “Refyujio” sahillərinə yayılıb. Onun bir qismi isə dənizə tökülüb. Çimərliyin ümumilikdə 9 mil (14,5 kilometr) sahil xətti çirklənməyə məruz qalıb. Bu, son 18 ilin ən böyük neft sızmasıdır.
Kəmər elə həmin gün bərpa edilib, həmçinin sahildə və dənizdə neftin təmizlənməsinə başlanılıb. Mayın 20-də açıqlanan məlumata görə, kəmərdən 2,5 min barrel xam neft axıb. Hazırda qəzanın baş verdiyi rayonda işləyən üç gəmi neftin Los-Ancelesə doğru hərəkətinin qarşısını almağa çalışır.