Generalın üzünə tüpürən, oğluna görə şəkər tutan şair... -

Bəxtiyar Vahabzadəni nəinki Azərbaycanın, bütün türk dünyasının bu günədək yetirdiyi ən böyük poeziya ustadlarından biri adlandırsaq, yanılmış olmarıq.

“Yaşamaq yanmaqdır, yanasan gərək…” deyən şair bundan 11 il öncə - 2009-cü il fevralın 13-də həyata gözlərini yummuşdur. Özündən sonra onun geniş məzmunlu poeziyası, sözlərinə yazılmış mahnılar, əsərlərinin adaptasiya olunduğu tamaşalar, poemalar miras olaraq qalmışdır.

Bəxtiyar Vahabzadə azərbaycançılıq ideologiyasını, türkçülük ideologiyasını təbliğ edən böyük filosof, şair idi. O, XX əsrin 90-cı illərinin gərgin ictimai-siyasi prosesləri zamanı meydanlarda – xalqın yanında olmuş, gənclərə mənəvi-ideoloji dəstək vermişdir. Həmin dövrdə şeiri ucalara qaldıran, “Azərbaycan şairi” obrazını yaşadan yeganə şair məhz o idi. Onun 20 yanvar hadisələrindən sonra yazdığı “Şəhidlər poeması” öz dövrünün böyük ədəbi hadisəsi idi.

Bəxtiyar Vahabzadənin 20 yanvar hadisələri zamanı general Dubinyakın üzünə tüpürməsi həmin dövrdə böyük heyrətlı qarşılanmışdı. Bu gün Bəxtiyar Vahabzadə şəxsiyyətinə, Bəxtiyar poeziyasına dil uzadan müasir Azərbaycan ədiblərindən hansı xalq üçün buna cəsarət edə biərdi?!

1962-ci ildə şair millətçi damğası ilə Azərbaycan Dövlət Universitetindən qovularkən cəmiyyətdə böyük ajiotaj yaranmışdı, on görə də, bu qovulmanı ezamiyyət kimi qələmə vermişdilər.

Bir dəfə oğlu Əfqanıstanda olan vaxtlarda Bəxtiyar Vahabzadə ona zəng edibmiş. Telefonda deyiblər ki, oğlunun işlədiyi korporasiya dağıdılıb, partladılıb. Dəstək Bəxtiyar Vahabzadənin əlində qalıb. Bu hadisədən sonra şair şəkər xəstəliyinə tutulmuşdur.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar kimi dillərinə və keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilmişdir.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR