ABŞ, Avstraliya və Böyük Britaniyadan olan alimlər qrupu yağlı və karbohidratlarla zəngin qidaların beyinə zərərli təsir göstərdiyini sübut edib. Dadlı yeməklər hipokampusun xüsusiyyətlərini elə bir şəkildə dəyişir ki, insanın sağlam həyat tərzinə qayıtması çətinləşir.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Medical Xpress”ə verilən açıqlamada bildirilib.
Tədqiqatda hər zaman sağlam qidalanan 20 yaşdan yuxarı 110 könüllü iştirak edib. Həftə ərzində könüllülərin bir hissəsi normal pəhrizi izləyib, digər qismi yağ və karbohidratlar, o cümlədən tərkibində şəkər çox olan məhsullarla qidalanıb. Hər bir könüllü yaddaş testindən keçib və test zamanı yeməkdən ləzzət aldığını bildirib.
Nəticələr göstərib ki, bir həftə ərzində zərərli yeməklər yaddaşı pozur. Eyni zamanda, alimlər qidalanmanın tənzimlənməsində mühüm rol oynayan hipokampusdakı dəyişiklikləri müəyyənləşdiriblər. Məlum olub ki, bir boşqab Belçika vaflisi yedikdən sonra iştirakçılar tam toxluq hiss etməyib. Könüllülər eyni zamanda bu cür yeməklərdən ləzzət aldıqlarını xatırlayıb, hansı ki, bu dad onlardan imtina etməyi çətinləşdirir.
Aytən Məftun