Çində meydana gələn və dünyanın müxtəlif ölkələrində yayılan koronavirus Cənubi Qafqazda da ciddi təşvişə səbəb olub.

Publika.az
xəbər verir ki, Cənubi Qafqazın hər üç ölkəsində virusa yoluxma halı qeydə alınıb. Ermənistanda isə vəziyyət daha təhlükəlidir.

Rəsmi məlumatlara görə, Azərbaycanda 3 insan koronavirusa yoluxub. Azərbaycan hökuməti virusun yayılmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir. Çindən malların idxalına qadağa qoyulub, virusun kütləvi yayıldığı İranla sərhədlər bağlanıb.

Gürcüstanda da koronavirusa 3 yoluxma halı qeydə alınıb. Ermənistanda vəziyyətin daha kritik olduğu haqda məlumatlar var. Ermənistan hökuməti İranla sərhədləri iki həftə müddətində bağlayıb, lakin məlumatlara görə, sərhədlərin bağlanması ticarətə böyük zərbə vurduğu üçün bəzi malların idxalı dayandırılmayıb. Hökumət virusa yoluxma halının qeydə alınmadığını desə də, ictimai rəyə bunun yalan olduğu fikri hakimdir. Xüsusilə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki vəziyyət erməniləri təşvişə salıb.

“Kavkaz-uzel” saytı yazır ki, Dağlıq Qarabağda separatçı rejim fevralın 25-dən etibarən 57 məktəbi və bütün məktəbəqədər müəssisələri bağlayıb. 28 fevral tarixindən isə daha 36 məktəb bağlanıb, beləliklə, bölgədəki bütün məktəblər və məktəbəqədər müəssisələr fəaliyyətini dayandırıb. Virusa yoluxma halının qeydə alınmadığı deyilir, lakin ermənilər buna inanmırlar. Ermənistan ictimaiyyəti hesab edir ki, ölkədə vəziyyət Cənubi Qafqazın digər iki ölkəsi ilə müqayisədə daha pisdir, lakin hökumət faktları gizlədir. Əsas arqument kimi Qarabağda məktəblərin bağlanması faktı irəli sürülür.

Asif