Zaqatala, 25 may, AZƏRTAC
Zaqatalanın qızılgül plantasiyalarında bir neçə gündür gül ləçəyinin yığımına başlanılıb. İndiyədək plantasiyalardan 2 tona yaxın qızılgül ləçəyi toplanıb. Yığılan məhsul emal üçün Zaqatala şəhərinin Qazangül yaşayış massivində fəaliyyət göstərən “Cəliar” firmasına məxsus efir yağları müəssisəsinə təhvil verilir.
Müəssisənin icraçı direktoru Abdulla Qurbanov AZƏRTAC-a bildirib ki, məhsul yığımı üçün 130 fermerlə icarə müqaviləsi bağlanılıb. Mövsümün sonunadək qızılgül ləçəyi yığımının 5 tona çatacağı gözlənilir. Təhvil verilən 1 kiloqram gül ləçəyi üçün fermerlərə 50 qəpik ödənilir. Müəssisədə istehsal olunan gül yağı daha sonra müqavilə əsasında Almaniya şirkətlərinə göndərilir.
