Vilayət Quliyev: “Koronavirus yeni dünya müharibəsinin qarşısını aldı”

Vilayət Quliyev: “Koronavirus yeni dünya müharibəsinin qarşısını aldı”
12:23 21 Aprel 2020
397 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri professor Vilayət Quliyev koronavirus pandemiyası fonunda Budapeştdəki mövcud durumla bağlı suallarımızı cavablandırıb.

Səfirin Publika.az-a müsahibəsini təqdim edirik:

- Cənab səfir, ilk növbədə koronavirus pandemiyası ilə bağlı Macarıstandakı son statistika ilə bağlı bilgi verməyinizi istərdik.

- Bu günə (20 aprelə) olan statistik göstəricilər belədir: indiyə qədər 48 057 nəfər testdən keçirilib, 11 240 nəfər öz mənzillərində, yaxud xüsusi ayrılmış yerlərdə karantində saxlanılır. Virusa yoluxanların sayı 1 984 nəfərdir. Ölənlər 199, sağalanlar 267 nəfərdir. Gün ərzində 68 yeni xəstə aşkarlanıb. Virusun yayılma intensivliyinə görə paytaxt Budapeşt liderdir. Burada 1 002 yoluxma faktı qeydə alınıb. Mütəxəssislərin fikrincə pik nöqtə aprelin sonu, yaxud mayın əvvəllərinə gözlənilir. Amma daha bədbin proqnozlar da var.

- Vilayət bəy, elm və sənət adamları karantin rejimini mütaliə, yaradıcılıq üçün fürsət kimi dəyərləndirirlər. Bir diplomat və alim kimi karantin günlərini necə keçirirsiniz?

- Mənə elə gəlir ki, yaradıcı insanlar üçün hətta hökumət elan etməsə də daxili karantin həmişə mövcuddur. Deyək ki, çox gözəl hava var, yaxud dostlar səni harasa dəvət edirlər. Amma əlində yarımçıq işin var. Hansısa yazınıbitirməlisən, hansısa kitabı hazırlayıb çatdırmalısan. Aydın məsələdir ki, belə hallarda özünə karantin tətbiq etməkdən başqa çıxış yolu qalmır. İstəməsən də evdə, yazı masası arxasında oturmalı olursan.

Amma indi mən karantində deyiləm. Həftədə azı üç dəfə səfirliyə gedirəm. Təbii ki, bunu qəhrəmanlıq saymıram. Sadəcə elə məsələlər ortaya çıxır ki, işdə olmağım zərurətə çevrilir. Bəlkə psixoloji amil də az rol oynamır. Axı dünyanın hansı guşəsində yerləşməyindən asılı olmayaraq səfirliyin ərazisi eksterritorialdır. Yəni olduğun ölkənin deyil, sənin vətəninin bir parçasıdır. Və iş yerinə gələndə özünü sanki vətənində hiss edirsən.

Gizlətmirəm, vaxtımın müəyyən hissəsini evdə keçirmək imkanından o qədər də narazı deyiləm. Çünki görülməli, görüləcək işlər həmişəki kimi çoxdur. Xidməti işlərimdən başqa eyni zamanda bir neçə kitab və tərcümə üzərində işləyirəm. Amma evdə oturmağın açdığı müəyyən imkanlara baxmayaraq həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində insanların koronavirus fəlakətini arxada qoyaraq türk qardaşlarımız demiş bir an öncə normal həyatlarına qayıtmalarını istəyirəm.

- Karantin rejiminin özünəməxsus qaydaları var. Özünüzü necə təcrid edirsiniz? Evdə darıxmaq hissinə qalib gələ bilirsinizmi?

- Macarıstanda həm karantin, həm də fövqəladə vəziyyət rejimi qüvvədədir. 65 yaşdan yuxarı insanlara daha çox təcrid olunmaq tövsiyə edilir. Kontaktı azaltmaq üçün aptek, bazar və ərzaq mağazalarında onlar üçün xüsusi saatlar ayrılıb. Bütövlükdə isə qadağalar ifrat sərtliyi ilə seçilmir. Ölkədə fövqəladə vəziyyət və karantin rejimində nələrə icazə verildiyini sadalasam, yəqin ki, sizə təəccüblü görünəcək. İşə getmək (təbii ki, fəaliyyət göstərən müəssisələrin əməkdaşları nəzərdə tutulur), uşaqları dayə yanına aparmaq, tibb müəssisələrinə müraciət, fərdi idman, gəzinti, nikah, yas mərasimləri, aptek, bazar, ərzaq, tütün mağazalarına, yanacaqdoldurma stansiyalarına gediş, şəxsi iştirak tələb edən inzibati prosedurlara qatılmaq, ev heyvanlarını gəzdirmək, valideynlik hüquq və vəzifələri ilə bağlı öhdəlikləri yerinə yetirmək, dini ibadət, bərbər, gözəllik salonundan istifadə, maşın, velosiped təmiri emalatxanalarına getmək xüsusi icazə tələb etmir və insanlar bu ehtiyaclarla bağlı sərbəst şəkildə evdən çıxa bilərlər. Yəqin ki, belələri arasında az da olsa, məqsədsiz halda veyillənənlər də tapılar. Amma əyləncə yerlərinin bağlı olması da bu həvəs və istəyi minimuma endirir.

Özümütəcridə gəldikdə isə ya evdə, ya işdə olur, kənarda isə mütləq sosial məsafəyə diqqət yetirirəm. Yaranmış vəziyyət ünsiyyət imkanlarını xeyli məhdudlaşdıraraq yalnız virtual sferaya keçirdiyi üçün özünütəcrid məsələsini asanlaşdırır.

- Macarıstanda pandemiyaya cəmiyyətin münasibəti necə oldu? Orada nələri müşahidə edə bilirsiniz? Macarlarla türk xalqının ortaq keçmişi pandemiyaya münasibətdə eyni reaksiyanı doğurdumu?

- Bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. Şübhəsiz, hökumət təhlükəni görür və adekvat tədbirlərlə yaranacaq fəsadların qarşısını almağa çalışır. Amma eyni zamanda inzibati resurslardan insanları qıcıqlandıra biləcək dərəcədə istifadə edilmir. Küçə və meydanlardakı polislərin sayı adi vaxtlarda olduğundan çox deyil. Adamları qaydalara əməl etməyə çağırarkən onların cəmiyyət, habelə yaxınları və doğmaları qarşısında məsuliyyət hissi, şüurlu seçimi ön plana çəkilir. Deyə bilmərəm ki, bu məsuliyyət, ictimai şüur həmişə və hər yerdə yüksək dərəcədə nümayiş etdirilir. Məsələn, küçədə üz-üzə gələn təsadüfi insanlar sosial məsafə məsələsində çox diqqətlidir. Bir-birini tanıyan, eyni binada, küçədə yaşayan tanışlar, qonşular haqda isə oxşar şeyi demək çətindir. Xüsusən gənclər çox güman bir-birlərini yaxşı tanıdıqlarını düşünərək müəyyən əminlik hissinin təsiri altında hələ də bağlarda, parklarda toplaşmaqdan çəkinmirlər.

Bütünlükdə isə macarlar pandemiyaya soyuqqanlı yanaşırlar. Panikaya qapılmaq hallarına təsadüf edilmir. Təchizat yaxşı səviyyədədir. Qara gün üçün ərzaq mağazalarını evə daşımaq təşəbbüslərinə rast gəlinmir. Ruh düşkünlüyü yoxdur, insanlar normal həyatlarını yaşayır və yaranmış vəziyyəti taleyin göndərdiyi növbəti sınaq kimi qəbul edirlər.

- Budapeştdə insanlar karantin rejiminin qaydalarına əməl edirlərmi? Yoxsa hələ də bu virusa qeyri-ciddi yanaşanlar çoxluq təşkil edir? Sizcə, Şərq və Qərbdə pandemiyaya münasibət fərqlidirmi?

- İnsan hər yerdə insandır. Odur ki, qaydalara uyan nümunəvi vətəndaşlar kimi onları pozmaq həvəskarlarına da təsadüf olunur. Macarıstan bu baxımdan istisna təşkil etmir. Qadağalara hərə bir cür yanaşır. Fərdi avtomobilində maska ilə oturanlarla yanaşı, belə ehtiyatlılığa laqeyd, yaxud istehza ilə yanaşanlar da az deyil.

Məncə, koronavirus ənənəvi Şərq-Qərb təsəvvürlərini də dağıtdı. Güclü sosial institutlara, inkişaf etmiş səhiyyəyə, böyük iqtisadi və maliyyə resurslarına malik klassik Qərb ölkələri virusla mübarizədə gözləniləni edə bilmədilər, yaxud da hələlik nail ola bilməyiblər. Məsələn, kim düşünə bilərdi ki, Pakistan bu məsələdə uzun illər metropoliya asılılığında olduğu Böyük Britaniyanı qabaqlayacaq. Yaxud iranlı həkimlər qərbli həmkarları ilə müqayisədə daha çox məharət və peşəkarlıq göstərəcəklər. Yəqin Şərqin müəyyən dəyərləri, yaşam və gigiyena qaydaları da burada rol oynayıb.

- İlahiyyatçılar koronavirus pandemiyasını Tanrının sınağı, alimlər isə təbiət hadisəsi adlandırırlar. Virusun ABŞ-ın və ya Çinin bioloji silahı olduğunu iddia edənlər də var. Siz nə düşünürsünüz, pandemiyanın missiyası nədən ibarətdir? O həqiqətən dünyanın dəyərlər sistemini və ya nələrisə dəyişməyə qadirdir?

- Doğrusu, pandemiyaya mistik yanaşmanın tərəfdarı deyiləm. Onun hər hansı missiya daşıdığını da düşünmürəm. Sadəcə, qlobal miqyaslı qorxulu xəstəlik kimi baxıram. Lap bioloji silah olsun. İstənilən halda bəşəri dəyərlər sistemində böyük dəyişikliklər yaradacağına əmin deyiləm. Fəlakətlərin hər hansı şəfaverici missiyası olsaydı, insan uzaq yüzillikləri demirəm, ötən əsrin iki dəhşətli dünya müharibəsindən dərs çıxarardı. Bu müharibələrin ölkələrə, xalqlara, bütün insan nəsillərinin həyatına vurduğu maddi, mənəvi zərər indiki pandemiya ilə müqayisədə qat-qat böyük və dəhşətli olmuşdu. Amma sonra nə baş verdi? Məgər böyük dövlətlər, dünya gücləri, iddialı liderlər yeni hərbi qarşıdurmalardan, yüz minlərlə insanın həyatı ilə oynamaqdan çəkindilər? Yox. Sadəcə, tez-tez vurğulanan bir fikir mənə nisbətən inandırıcı görünür ki, koronavirus yeni dünya müharibəsinin qarşısını alıb. Təki belə olsun. Əlbəttə, çox istərdim ki, ən adi adamlardan tutmuş planetin taleyini həll edən insanlara qədər hər kəs bəşəri fəlakətdən nəticə çıxarsın, həyatını, düşüncələrini dəyişməklə dünyanın da yaxşılığa doğru dəyişməsinə töhfəsini versin. Amma bilirsiniz, insan çox unutqan məxluqdur. Bu baxımdan nə qədər bədbin səslənsə də koronavirusa bəslənən ümidlər mənə inandırıcı görünmür.

- Pandemiya müddətində təbiətin ekoloji baxımdan təmizləndiyi ilə bağlı xəbərlər yayıldı. Xüsusən Çin səmasının aydınlaşdığı vurğulandı. Sanki təbiət insanlığa meydan oxudu. Dünyanın belə bir dərsə ehtiyacı var idimi?

- Əslinə baxanda dünyanın çox dərsə ehtiyacı var. Amma o da sirr deyil ki, insanlar öz problemlərini hamıdan yaxşı bilirlər. Və bunun həlli də öz əllərindədir. Heç bir dəhşətli xəstəlik, təbii fəlakət və s. ədalətsizlik, maddi sərvətlər üzərində bir qrupun ağalığı, işğalçılıq, şiddət kimi problemləri aradan qaldırmır. Əksinə, bəlkə də yeni imkanlar açır. Məncə, fərdlər də, xalqlar da mənəviyyatdan tutmuş ekologiyaya qədər bütün dəyişiklikləri özləri həyata keçirməlidir. Və bu iş sistemli, ardıcıl xarakter daşımalıdır. Hər hansı fövqəltəbii qüvvəyə arxayın olmaq ən ağıllı yol deyil.

- Bəzi alimlər iddia edirlər ki, məhdudlaşdırıcı tədbirlər tibbi zərurət deyil, müəyyən siyasi səbəblərə görədir. Bu barədə yayılan söz-söhbətlərin doğruluq payı nə qədərdir?

- Düzü koronavirus pandemiyası haqda indiyə qədər bir-birini inkar edən, yalana çıxaran o qədər ziddiyyətli fikirlər ortaya atılıb ki, adam nəyin doğru, nəyin yalan olduğunu müəyyən etməyə çətinlik çəkir. Yəni necə düşünürsünüz, yüz milyonlarla insanı bu yolla ram etmək mümkün işdir? Belə fikrə düşmək əslində vulkan üzərində saray tikməyə bənzəyir. O vulkanın günün birində püskürməyəcəyinə kim zəmanət verə bilər?

- Macarıstanda xeyli azərbaycanlı, eləcə də tələbələrimiz yaşayır. Onlar arasında virusa yoluxma halı varmı?

- Xoşbəxtlikdən indiyə qədər belə hala təsadüf olunmayıb. Macarıstan fövqəladə vəziyyət rejiminə keçdiyi gündən səfirlikdə 24 saat ərzində müraciətləri qəbul edən qaynar xətt fəaliyyət göstərir. Soydaşlarımızdan ilk zəng gələn kimi onların ünvanlarını dəqiqləşdiririk, ən azı mənəvi cəhətdən yanlarında olmağa çalışırıq. Bilirsiniz, yaz fəslidir. İqlim, təbiət dəyişir. Bir də görürsən ki, kimdəsə adi qrip əlamətləri baş qaldırır, yaxud boğaz ağrısı olur. Adi vaxtda bəlkə də buna əhəmiyyət verilməzdi. Amma indiki vəziyyətdə təbii ki, ilk ağla gələn koronavirusa yoluxma düşüncəsi olur. Ailələrindən, yaxınlarından uzaqda yaşayan 18-20 yaşlı gənclərin həyəcanını başa düşmək mümkündür. Səfirlik əməkdaşları diaspor fəalları ilə birlikdə bütün belə təsadüflərdə dərhal köməyə tələsir, şübhələnən şəxslərin test vermələrinə kömək edirlər. Ən başlıcası isə vətəndaşlarımızı qaydalara əməl etməklə özlərini təhlükəli virusdan qorumağa çağırırıq.

- Macarıstanda sərhədlərin bağlanması nəticəsində ölkəyə qayıda bilməyən azərbaycanlılar varmı? Çarter reysləri davam edirmi?

- Var. Macarıstanda fövqəladə vəziyyət elanından və ölkə sərhədlərini bağlayandan az sonra, martın 19-da biz çarter reyslə 123 vətəndaşımızı Bakıya yola saldıq. Onlar əsasən Macarıstana qısa müddət üçün gələn turistlər, iş adamları, ezam edilmiş şəxslər, habelə təhsil proqramını başa vurmuş tələbələr idi. Stipendium Hunqarikum proqramı çərçivəsində təhsil alan 600 nəfərə yaxın azərbaycanlı tələbə isə hələ də Budapeştdə və ölkənin digər universitetlərindədir. İndiyə qədər onların arasından təxminən yüz nəfərə qədər şəxs səfirliyə müraciət edərək vətənə qayıtmaq istədiklərini bildirib. Analoji xahişlər Bakıdan, tələbələrin valideynləri tərəfindən də edilir. Biz bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı mütəmadi şəkildə məlumatlandırırıq. Aydın məsələdir ki, çarter reyslərin təşkili səfirliyin səlahiyyət dairəsində deyil. Amma gizli deyil ki, artıq yeni reysə, bəlkə də reyslərə ehtiyac var. Çünki yay tətili də yaxınlaşır. Yəqin ki, tezliklə müvafiq qərar qəbul olunar.

- İtaliyada artıq pandemiya səbəbi ilə elan edilmiş sərt tədbirlərin qismən yumşaldılmasına başlanılıb. Macarıstan hökuməti eyni addımları atmağı düşünürmü?

- Macarıstanda virusun yayılmasının aktiv fazasının qarşıda olduğu ilə bağlı fikirlər var. Hələlik xəstəliyə yoluxma və ölüm hallarında da intensivlik müşahidə edilir. Ona görə də fövqəladə vəziyyət və karantin rejimi ən azı aprelin sonuna qədər qüvvədə qalacaq. Parlament 31 mart tarixli iclasında fövqəladə vəziyyəti uzatmaq, yaxud qaydaları dəyişməklə bağlı Baş nazir Viktor Orbana səlahiyyət verib.

Şübhə etmirəm ki, hökumət fövqəladə vəziyyətin vaxtını uzatmaqdan, yaxud qaydalarını sərtləşdirməkdən daha çox, ölkənin normal həyat və iş rejiminə qayıtmasında maraqlıdır. Həyati təminat sahələri ilə yanaşı burada tikinti sektorunda, şəhər təsərrüfatında iş heç vaxt dayanmayıb. Dünən aldığım məlumata görə artıq "Audi" avtomobilləri üçün motor istehsal edən böyük zavod da məcburi fasilədən sonra yenidən fəaliyyətə başlayır. Məncə, mayın ilk ongünlüyündə digər Avropa ölkələri kimi Macarıstanda da hərəkətlilik yaşanacaq. Eyni zamanda tibbi təhlükəsizliyin maddi-texniki bazasını möhkəmlətmək istiqamətində də işlər görülür.

- Yəqin ki, hamı üçün çətin olan bu günlərdə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizəni, görülən işləri, insanların vəziyyətini də izləyirsiniz?

- Şübhəsiz. Başqa necə ola bilər? Ən müxtəlif insanlardan bu mübarizənin ölkəmizdə kifayət qədər peşəkarlıqla qurulduğunu, müntəzəm və mütəşəkkil şəkildə aparıldığını eşidirəm. Statistik rəqəmlər pozitiv vəziyyəti aydın göstərir. Həkimlərimizin fədakarlığından qürur duyuram. Bilirəm ki, çətinlik kifayət qədərdir. Ehtiyacla üz-üzə qalan vətəndaşlarımız çoxdur. Eyni zamanda insanların dar ayaqda bir-birinin köməyinə tələsməsi, xeyriyyə aksiyalarının sayının və miqyasının genişlənməsi sevindiricidir. Avropa ölkələrində ölümlərin çoxu təkcə yaşla, xəstəliklərlə deyil, həm də tənhalıq, unudulmuşluq, köməksizlik kimi ciddi sosial bəlalarla bağlıdır. Bu mənada xalqımızın əsrlər boyu yaşatdığı milli mənəvi dəyərlər total fəlakətə qarşı mübarizədə güclü silahlarımızdan biridir.

- Sonuncu sualıma ədəbiyyatşünas kimi cavab verməyinizi istəyərdim. Sizcə, bu günlərdə hansı sözə daha çox ehtiyacımız var və sözün energetikasına inanırsınızmı?

- İncildəki məşhur bir ifadədə deyilir ki, insanı yaşadan təkcə çörək deyil, həm də sözdür. Təbii ki, söz deyəndə burada Allah kəlamı nəzərdə tutulur. Ürəkdən gələn hər bir səmimi sözə, təskinliyə, təsəlliyə ehtiyac var. İnsanları ruhdan düşməyə qoymaq olmaz. İndi həm siyasətçilər, həm də yaradıcı ziyalılar, din xadimləri xalqın yanında olmağı, onunla öz dilində danışmağı, ürəkdən gələn söz vasitəsi ilə onun dərdini yüngülləşdirməyi, çətinlik qarşısında hamını səfərbər etməyi bacarmalıdır.

Biz bir xalq, toplum olaraq ruhdan düşə bilmərik. Çünki görəcəyimiz işlər çoxdur. Hələ başqa bir pandemiyaya – erməni işğalına son qoymalı, Qarabağı azad etməliyik!

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/311410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR